Mərkəzi Bankın rəhbəri Taleh Kazımov ötən gün sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb. Yeni baş bankir görüş zamanı sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən söz açıb, bu istiqamətdə müzakirələrin aparılacağını bildirib.
“Sığorta sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələr və bu məqsədlə mütəmadi görüşlər keçiriləcək”, - T.Kazımov çıxışında söyləyib.
Doğrudur, Azərbaycanda sığorta sahəsi ilə bağlı fikirlər birmənalı deyil. Bu sahədə vətəndaşları narazı salan ciddi nöqsanların olduğu, şirkətlərin əksər hallarda üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi bildirilir. Nəticədə illərlə yığılıb qalan problemlər sığorta şirkətlərinə inamın itməsinə gətirib çıxarır.
Sığorta sahəsində hansı boşluqlar var? Qanunvericiliyin təkmilləşdirilməsi labüddürmü?
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sığorta sisteminin təkmilləşdirilməsi, xüsusilə sığortaçı ilə sığorta olunan arasandakı münasibətlərin tənzimlənməsi vacib məsələdir:
"Nəzərə alsaq ki, artıq sığorta maaliyə xidməti olaraq Mərkəzi Bankın nəzarət etdiyi fəaliyyət sahələri sırasındadır. Bu da birbaşa sığorta ilə əlaqədar həm yeniliklərin tətbiqinə, həm də bu sahədə qanunvericilik daxil olmaqla bütövlükdə sistemin təkmilləşdirilməsinə baza yaradır. Bu kontekstdə təbii ki, sığorta ilə bağlı qanunverici bazanın təkmilləşdirilməsi vacibdir. Xüsusilə nəzərə alsaq ki, burada sığorta şirkətlərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm dövlət dəstəyinin artırılması, həm də sığorta şirkətlərində korporativ idarəetmənin formalaşdırılması prioritetdir".
Deputat apardığı müşahidələr əsasında qeyd edib ki, bir sıra hallarda sığorta olunanlarla sığortaçı arasında ciddi anlaşmazlıqlar mövcuddur:
"Bəzi hallarda sığorta şirkəti sığorta hadisəsi baş verdikdən sonra məbləğin ödənilməsini yubadır. Bu da təbii ki, sığortaya olan inamın azalmasına səbəb olur. Bizə də bununla, xüsusən də baha sığortaların ödənməsi ilə bağlı müraciətlər daxil olur. Düzdür, son illər sığorta şirkətlərinin öz öhdəliklərinə daha ciddi yanaşması, məsuliyyətli olaraq daha tez qərar verməsi müşahidə olunur. Ancaq bununla sığorta haqlarının ödənilməsinin yubanması halları var ki, bu da sığorta şirkətinə olan inam baxımdan arzuolunan deyil. Ona görə də, sığorta şirkətlərinə, sığorta sektoruna inamın artırılması üçün bu sahədə islahatların genişləndirilməsi vacibdir".