Modern.az

Sığorta bazarını necə “diriltmək” olar? - Bu işlər görülməsə... - TƏKLİFLƏR

Sığorta bazarını necə “diriltmək” olar? - Bu işlər görülməsə... - TƏKLİFLƏR

16 İyun 2022, 10:20

Azərbaycanın sığorta sistemində ciddi problemlər var.

 

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, indiyədək həll olunmamış problemlər sığorta şirkətlərinin işində axsamalara gətirib çıxarır. Eyni zamanda təsərrüfat sistemlərinin, o cümlədən vətəndaşların bu xidmətdən istifadə etməsinə ciddi maneələr yaradır:

 

"Buna paralel olaraq, problemlər sığorta sisteminə inamın formalaşmasına mənfi təsir göstərir. Biz sistemli şəkildə məsələyə yanaşdıqda görürük ki, həm könüllü, həm icbari sığorta sahəsində problemlər var. Buna görə də, sığorta sisteminin yenidən qurulub təkmilləşdirilməsinə ehtiyac var".

 

İqtisadçı-ekspert vurğulayıb ki, istər avtomobil, istər tibbi, istərsə də daşınmaz əmlak üzrə icbari sığorta növlərinə nəzər yetirsək, hər birinin özünə müvafiq problemlərinin olduğunu görərik:

 

"Ancaq hər üçünün ortaq bir problemi var. Bu da informasiya sisteminin təkmil olmamasıdır. Deməli, sığortalanma zamanı ilk növbədə sığorta obyektinin mövcud vəziyyəti qiymətləndirilməlidir. Məhz bu sığorta riskinin qiymətləndirilməsinə xidmət edir. Sığorta riskinin qiymətləndirilməsi təkmil olmadıqca sığorta prosesində problemlər yaşanır. Məsələn, hər hansı əmlakın, evin, yaxud ticarət obyektinin qiymətləndirilməsi üçün baza qiymətləndirmə sistemi yaradılmalıdır. Yalnız düzgün qiymətləndirmədən sonra sığortalanma daha ədalətli ola bilər".

 

Eldəniz Əmirovun fikrincə, digər problem sığorta şirkətlərinin məsuliyyətsiz davranışıdır:

 

"Sığorta şirkətləri müştərilərdən gileyləndiyi kimi, müştərilərin də mütəmadi olaraq sığorta şirkətlərinin davranışlarından narazı qaldığı məqamlar var. Nəticədə, sistemin özünə inamı hazırda ölmüş vəziyyətdədir. Təcrübə onu göstərir ki, sığorta hadisəsi baş verdiyi zaman sığortalı şəxs bunun qarşılığında lazım olan dəstəyi görmür. Yəni sığorta ödənişlərini əldə edə bilmir. Nəticədə ciddi problemlər yaranır. Bir sözlə, sığorta sisteminin işləməsi üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var".

 

Onun sözlərinə görə, qanunvericilik bazası elə formalaşdırılmalıdır ki, tərəflər öz məsuliyyətlərini dərk etsinlər:

 

"Əgər məsuliyyətlərindən boyun qaçırsalar, cəza mexanizmi yaradılmalıdır. Yəni sığorta şirkəti hansısa formada nədənsə imtina edə bilməsin. İmtina etdiyi təqdirdə ciddi şəkildə cəzalandırılsın ki, bu da digər sığorta şirkətlərinə dərs olsun. Hazırda ən böyük problem sığorta sisteminə inamsızlıqdır. İnsanlar evini, mülkünü, səhhətini, avtomobilini sığortalayan zaman hansısa problem yaranarsa, ödənişləri geri ala bilmirlər. Əksər hallarda vətəndaşlar süründürməçiliklə qarşılaşır. Bu isə zəncirvari təsir göstərir, sistemə olan inamı öldürür.

 

Onu da qeyd etmək istəyirəm ki, mütləq sığortalanan tərəflərə obyektiv yanşmaq lazımdır. Hər kəsə eyni kateqoriya və baxış üzrə sığorta məbləğləri tətbiq edilməməlidir. Qanunvericiliyə əlavə edilməlidir ki, intizamlı və qəza törətməyən, sığorta hadisəsi yaşamayan sürücülərlə ildə bir və ya iki dəfə oxşar hadisələri törədən sürücülər arasında fərq olsun. Standart olaraq məlumatlandırma sistemi olmalıdır ki, sürücü qəza törətmədiyi zaman avtomobilinin, bir il əvvəl qəza törətmiş sürücünün avtomobilinin sığortasından nə qədər fərqlənəcəyini bilsin".

 

 

E.Əmirov könüllü sığortanın daha önəmli olduğunu sözlərinə əlavə edib:

 

"Məhz könüllü sığorta sisteminin inkişafı yalnız inam olduğu təqdirdə mümkün olacaq. İnam olmadıqda insanlar icbari olaraq, bu və ya digər formada sığortaya cəlb olunurlar. Ancaq könüllü sığorta sisteminin işləməsi həm də sığorta şirkəti üçün faydalıdır. Çünki sığorta şirkətlərinin gəlirini artıran məhz bu sistemdir".

 

Xatırladaq ki, bir neçə gün öncə Mərkəzi Bankın rəhbəri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb. Yeni baş bankir görüş zamanı sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən söz açıb, bu istiqamətdə müzakirələrin aparılacağını bildirib. 

 

“Sığorta sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələr və bu məqsədlə mütəmadi görüşlər keçiriləcək”, - T.Kazımov çıxışında söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi