6-10 iyun tarixlərində Fransanın Strasburq şəhərində azərbaycanlı və erməni gənclərin görüşü keçirilib. OFAJ (Fransa-Almaniya Gənclər Ofisi) adlı təşkilat tərəfindən təşkil olunan görüşə Azərbaycan və Ermənistandan 10 gənc qatılıb.
Görüş təşkilatın “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində baş tutub. Tədbirdə Fransadan və Almaniyadan olan gənclər də iştirak ediblər.
Azərbaycan və Ermənistan gənclərinin ilk görüşü necə keçib? Hansı məsələlər müzakirə olunub?
Görüşün fəal iştirakçılarından olan Şücaət Əhmədzadə danışıqların təfərrüatlarını Modern.az-la bölüşüb. Onun sözlərinə görə, siyasi məsələlər danışıqlar mövzusu olmayıb:
“Fransa tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş görüşün əsas məqsədi iki ölkədən olan gənclərin bir-biri ilə ünsiyyət qurması idi. Görüş Azərbaycan və Ermənistan üçün tarixi əhəmiyyətli bir dövrdə baş tutub. Məhz tarixdə ilk dəfə olaraq hər iki ölkə rəsmi səviyyədə münaqişəni tam həll etmək üçün hərtərəfli sülh müqaviləsi üzərində işlədiklərini açıqlayıblar. Ancaq siyasi danışıqlar görüşün əsas gündəliyinə daxil deyildi. Bunun birinci səbəbi o idi ki, münaqişəli mövzuların müzakirəsi dialoq görüşünü polemika məkanına çevirə bilərdi. Ona görə də təşkilatçılar Almaniya-Fransa barışığını iştirakçılara öyrətməyə və münaqişəli mövzulara yer verməməyə fokuslanmışdılar. İkinci səbəb daha çox iştirakçılarla əlaqəlidir: siyasi qərarların verilməsi prosesində iştirak etməyən gənclərin münaqişəli mövzular üzərində debatının real vəziyyətə təsiri minimaldır”.
Ş.Əhmədzadənin sözlərinə görə, görüşün gündəliyi əsasən qeyri-siyasi idi. Buna baxmayaraq, gündəlikdən kənar da bəzi mövzular ətrafında müzakirələr aparılıb:
“Görüş təkcə rəsmi gündəlikdən ibarət deyildi. Rəsmi hissə bitər-bitməz gənclər hər kəsi maraqlandıran münaqişəli mövzulara geri qayıdırdılar. Özəlliklə, azərbaycanlı və erməni gəncləri maraqlandıran ən böyük sual gələcəyin necə olacağından ibarət idi. Bu suala verilən cavabları deməzdən əvvəl İkinci Qarabağ Müharibəsinə qədər baş tutmuş oxşar görüşlərlə indiki görüşün fərqinə nəzər salmaq istərdim. Hər iki dövrdə olmuş görüşlərdə iştirak etmiş bir şəxs kimi bu fərqləri görmək mənim üçün çətin deyildi. Müharibədən əvvəl baş tutan görüşlərdə debatlar “Qarabağı qaytarın” və “Qarabağı qaytarmırıq” anlayışları arasında gedib-gəlirdisə, indiki görüşdə gənclərin əsas diskussiyaları gələcəyin necə olacağına fokuslanmışdı.
Gələcək necə olacaq sualına cavab verənləri iki qrupa bölmək olardı: optimistlər və pessimistlər. Azərbaycan və Ermənistanın heç vaxt olmadıqları qədər sülhə yaxın olmasına istinad edən optimistlər sülhün gətirəcəyi sabitlik və firavanlığa fokuslansalar da, pessimistlər daha çox yeni müharibə ehtimalından və destruktiv xarici qüvvələrin təsirindən danışırlar. Maraqlısı budur ki, hər iki cəhbəni birləşdirən bir məqam var: onların hər ikisi iki dövlət arasında münasibətlərin ən tez şəkildə normallaşmasını dəstəkləyir. Özəlliklə, pessimistlər qeyd edirlər ki, yeni müharibələrin qarşısını almaq üçün mütləq şəkildə normallaşmağa ehtiyac var. Şəxsi müşahidələr əsasında belə deyə bilərəm ki, Strasburq görüşündə iştirak edənlərin əksəriyyəti optimistlər idi. Azlıq olan pessimistlər belə normallaşmanın vacib olduğunu deyir və sülhə inandıqları üçün tədbirdə iştirak edirdilər”.
Müsahibin dediyinə görə, Strasburq görüşündə azərbaycanlı və erməni gənclərin yekdilliklə razılaşdığı ikinci məqam bu cür tədbirlərin vacibliyi idi. Bir halda ki, gənclər qarşılıqlı səfərlər edə bilmirlər, onda neytral ərazilərdə görüşdən başqa alternativ qalmır:
“Bu tip görüşlərdə hansısa dəhlizin eninin neçə kilometr olacağı, hansı xəritələrin istifadə ediləcəyi, qoşunların hansı qrafiklə çıxarılması kimi məsələlərin müzakirə edilməsi üçün yox, sadəcə görüşmək üçün keçirilməlidir. Kimlərsə sual edə bilər ki, axı siz əsas məsələləri müzakirə etməyəcəksinizsə, onda görüşməyinizin məqsədi nədir?
“Bəs niyə görüşmüşdünüz?” sualının cavabını tarixdən nümunə gətirərək vermək istəyirəm. Uzun illər davam edən və minlərlə insanın ölümünə səbəb olan İsrail-Fələstin münaqişəsi boyunca tərəflərin diplomatik uğurları az olmamış deyil. Bunlardan biri və ən məşhuru Norveçin vasitəçiliyi ilə imzalanmış 1993-cü il Oslo Razılaşmalırıdır (Oslo Accords). Bu razılaşmaların əldə olunması üçün norveçlilər kreativ bir yoldan istifadə etmişlər: onlar israilli və fələstinli nümayəndələri Norveçə dəvət edib, orada onları bir evə “bağlayıb” və heç bir siyasi gündəlik müəyyənləşdirmədən məkanı tərk etmişlər. Əvvəlcə falafelin və humusun necə dadlı olmasından danışmağa başlayan israilli və fələstinlilər daha sonra daha siyasi məsələlərə fokuslanmış və nəticə etibarilə tarixi müqaviləni hazırlaya bilmişlər. Norveçlilərin “gündəliksiz dialoq” prinsipi, “qeyri-siyasi mövzulardan siyasi mövzulara doğru” yanaşması hesabına israilli və fələstinlilər əvvəlcə nə qədər oxşarlıqlarının olduqlarını bir daha anlamış, daha sonra bu oxşarlıqlar naminə sülh müqaviləsi üzərində işləmişlər.
Oslo və Strasburq görüşlərini müqayisə etmək xətalıdır: birində diplomatlar, digərində gənclər. Ancaq bir məqam hər iki görüşü birləşdirir. Osloda olduğu kimi Strasburqda da münaqişə tərəfləri neytral məkanda görüşüb əvvəlcə oxşarlıqlara – dolmanın necə ləzzətli olduğuna, muğamın necə sevildiyinə - toxunmağa başladı. Yəqin ki, bu oxşarlıqların nəticəsidir ki, Strasburq görüşündəki bütün iştirakçılar Azərbaycan və Ermənistan arasında sülhü yekdilliliklə dəstəklədiyini bildirdilər.
Strasburq görüşündə olduğu kimi Azərbaycan və Ermənistan arasında Avropa İttifaqı vasitəçiliyi gedən Brüssel danışıqlarından da müsbət sədalar gəlməkdədir. Həqiqətən də tarixdə ilk dəfə olaraq hər iki dövlətin “sülh müqaviləsi imzalamağa hazırlaşırıq” dediyi bu tarixi məqamın əhəmiyyətini azaltmaq lazım deyil. Bəzilərinə görə, iki əsirə yaxın yaşı olan, digərlərinə görə isə 34 yaşı olan Azərbaycan-Ermənistan münaqişəsinə son qoyulması bu gün heç vaxt olmadığı qədər realdır”.
Ş.Əhmədzadə vurğulayıb ki, minlərlə insanın həyatını itirməsinə səbəb olan və dünyanın ən qanlı münaqişələrindən biri hesab edilən Qarabağ münaqişəsinin 2-3 səhifəlik sülh müqaviləsilə bir gecədə həlli praktiki olaraq mümkün deyil:
“Bəs əgər mümkün deyilsə, onda sülh müqaviləsinin məqsədi nədir? Sülh müqaviləsinin əsas məqsədi tərəflər arasında mövcud olan problemlərin həlli yollarını, tərəflərin öhdəliklərini və birgə qurulacaq gələcəyin sütunlarını müəyyənləşdirməkdir. Baxmayaraq ki, ədalət anlayışı nisbidir, Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli özündə beynəlxalq hüququn norma və prinsiplərinə istinadı ehtiva etməli və bütün köçkünlərin öz evlərinə qayıtmasını, münaqişədən əziyyət çəkmiş bütün icmaların hüquq və təhlükəsizliyinin təminini, mədəni-dini irs nümunələrinin qorunmasını, dövlətlərarası sərbəst hərəkət və əlaqələri, cinayətlərin yenidən təkrarlanmaması üçün keçmiş cinayətlərin cəzalandırılmasını, qarşılıqlı anlayışı və empatiya hissini təmin etməlidir.
Strasburq görüşü sülhə gedən yoldakı damlalardan sadəcə biridir və ilkdir. Bu tədbir regiona sülhü gətirə bilməz, ancaq bu cür tədbirlər olmadan sülh də gəlməz”.
Akif İsmayılov