Bu gün hər beş avropalıdan biri 65 və daha yuxarı yaşdadır. 2050-ci ilə qədər isə bu göstəricinin 30%-ə yaxınlaşacağı gözlənilir.
Modern.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Culiya Vallezenin bildirib.
C.Vallezenin sözlərinə görə, Avropada əhali arasında müşahidə olunan sürətli yaşlanma, demək olar ki, cəmiyyətin bütün sahələrinə təsir göstərən xüsusi demoqrafik dəyişiklikdir.
O qeyd edib ki, bu gün yaşlı olmaq əvvəlki dövrlərdə yaşlı olmaqdan fərqlənir:
“80 il səviyyəsinə yaxınlaşan və ya hətta həmin həddi keçən orta ömür uzunluğunu nəzərə alaraq, yaşlanmağın özü qarşıda hələ bir çox illər ərzində yaxşı həyat sürmək deməkdir. Yaxşı sağlıq durumu və təhsili ilə seçilən yaşlı insanların olması o deməkdir ki, onlar hələ uzun illər ərzində davamlı olaraq iş yerlərində, ailədə və icmada, o cümlədən ictimai həyatda fəal iştirak edə bilər".
“COVID-19 pandemiyası yaşlı nəslin hələ də üz-üzə qaldığı bərabərsizlikləri bütün çılpaqlığı ilə ortaya çıxardı. Hazırda bir çox yaşlı insan laqeydlik, yoxsulluq və sosial təcridlə qarşı-qarşıyadır. BMT-nin Əhali Fondunun bu yaxınlarda Şərqi Avropa üzrə apardığı sorğunun nəticələri göstərdi ki, hər on yaşlı şəxsdən səkkizi, yaxud rəyi soruşulanların 79%-i özünü qismən və ya tamamilə tənha hiss edir.
İnsanların bütün həyatları boyu təhsil və səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi və onların həyatlarının yaşlı dövrünə faydalı bacarıqlar və qənaətbəxş sağlıq durumu ilə qədəm qoymaları cəmiyyətlər üçün olduqca böyük imkanlar vəd edir. Pensiya yaşına çatmış insanlar kənara sıxışdırılmamalıdırlar, əksinə onlar iqtisadiyyatın və cəmiyyətin fəal iştirakçıları kimi qalmalıdırlar. Yaşlı insanlar onların tələbatları və seçimləri ətrafında formalaşan “gümüşü iqtisadiyyatın” inkişafında aparıcı qüvvə olmalıdırlar”, - BMT rəsmisi vurğulayıb.