Bakıda elə yerlər var ki, köhnə adı çoxdan götürülsə də, şəhər sakinləri hələ də həmin ünvanı yeni adla çağırmırlar. O yerlər xüsusilə yaşlı və orta nəsildən olanlar arasında köhnə adı ilə məşhur olaraq qalır.
Məsələn, elə biri “Volodarski fabriki”... Bu müəssisənin adı 20 ildən çoxdur “Bakı Tikiş Evi”dir, amma çoxları indi də oranı “Volodarski fabriki” kimi tanıyır.
Bəzən avtobusda iki yaşlı sakinin söhbətinə istəmədən qulaq şahidi olursan, onlardan hansınınsa “Volodarski fabriki” ifadəsi işlətdiyini eşidirsən. Ya da bir də görürsən, yolda taksi saxladan yaşlı kişi maşına əyləşən kimi sürücüyə “Volodorski tərəfə sür!” deyir.
Qeyd edək ki, adı çəkilən müəssisə 1937-ci ildən Volodarski adına tikiş fabriki kimi fəaliyyətə başlayıb. Sonralar Bakıda məşhurlaşan fabrikin adı sovet insanlarının beyninə elə “oturuşub” ki, hələ də bu adı yaddan çıxarmayanlar çoxdur. “Bakı Tikiş Evi” Mərdanov qardaşları küçəsi-113-də yerləşir.
Bakıda “Volodarski küçəsi” də var və bu ünvan da şəhərimizin məşhur yerlərindən sayılırdı. Yeri gəlmişkən, indi də Bakıda fəaliyyət göstərən bəzi naviqasiya sistemlərində “Volodarski küçəsi” ifadəsindən istifadə olunmaqdadır. Söhbət metronun “Ulduz” stansiyasının yerləşdiyi küçədən gedir.
Bəs Bakıda adı "əbədiləşdirilən" məşhur Volodarski kim olub?
Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında vaxtilə paytaxt sakinləri arasında məşhur olmuş və hələ də unudulmayan ismlərdən bəhs edir.
Yəqin ki, çoxları Volodarski haqda heç nə bilmir... Əksəriyyət üçün bu haqda bilmək heç vacib də deyil. Amma istənilən halda, adı Bakının ən böyük tikiş fabrikinə, küçəsinə verilmiş Volodarskinin kimliyi maraq doğurmaya bilməz. O, kim olub axı?
Məlumat üçün qeyd edək ki, V.Volodarski Sovet İmperiyasının inqilabi hərəkatının liderlərindən biri, marksist, siyasətçi, redaktor olub.
Əsl ad-soyadı Moisey Markoviç Qoldşteyn olan V.Volodarski 1891-ci ildə Ukraynanın keçmiş Volın quberniyasında – indiki Xmelnitski vilayətində yəhudi sənətkarın ailəsində doğulub.
1905-ci ildə Rusiyada fəhlə inqilabi fəaliyyətinə qoşulub, 1908-ci ildə qısa müddətə həbs edilib, sonra siyasi fəaliyyətlə məşğul olub. 1911-ci ildə Arxangelskə sürgün edilib, 1913-cü il amnistiyasına düşüb. Davam edən təqiblər onu ABŞ-a mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur edib. Burada o, Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq göstərib.
Birinci Dünya Müharibəsi illərində Volodarski beynəlmiləlçi menşeviklərin tərəfinə keçərək solçulara qoşulub. 1916–1917-ci illərdə o, Nikolay Buxarinin redaktoru olduğu Rusiya Sosialist Federasiyasının Nyu-Yorkda nəşr olunan "Novıy mir" (“Yeni dünya”) qəzetində çalışıb.
1917-ci ilin mayında Volodarski Rusiyaya qayıdıb, sonra Petroqrad Şəhər Dumasına seçilib.
1917-ci ildə bolşeviklərə qoşulub və tezliklə onların ən tanınmış natiqlərindən və təşviqatçılarından birinə çevrilib.
1917-ci il oktyabrın ortalarında bolşeviklər Rusiya Müvəqqəti Hökumətini devirməyə cəhd edib-etməmək barədə mübahisə edərkən, Volodarski üsyanın əleyhinə olan Qriqori Zinovyev və Lev Kamenevin tərəfinə keçib. 1917-ci il Oktyabr İnqilabı zamanı Sovetlərin II Qurultayında Volodarski Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə seçilib. Petroqradda "Qırmızı qəzet"in redaktoru və Şimal Kommunaları İttifaqı İcraiyyə Komitəsinin mətbuat şöbəsinin müdiri təyin edilib. Bu, ona geniş senzura səlahiyyətləri verib.
Tarixi mənbələrdə onun amansız bolşeviklərdən biri olduğu qeyd edilir.
V.Volodarski 1918-ci il iyunun 20-də sui-qəsdə məruz qalıb. Petroqradda Obuxov fabriklərində fəhlələrin üsyanını yatırmağa gedərkən Sosialist İnqilab Partiyasının üzvü Qriqori Semyonov tərəfindən öldürülüb. O, Sankt-Peterburqda dəfn edilib.
V.Volodarskinin adı keçmiş SSRİ məkanında şəhərlərə, rayonlara, küçələrə, fabrik və zavodlara, körpülərə verilmişdi. Bakıda da onun adına fabrik və küçə vardı...
A.Qorxmaz