Modern.az

Ermənistanın terrorçu siyasətinin növbəti təzahürü

Ermənistanın terrorçu siyasətinin növbəti təzahürü

Aktual

20 İyun 2022, 18:27

“Son günlər Cəbrayıl rayonunda ANAMA-nın bir neçə əməkdaşının minaya düşməsi Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür. Minaya düşənlər həmin əraziləri ermənilərin mina  terrorunu aradan qaldırmaq üçün çalışan insanlardır. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil. Baş verən hadisələr mina terrorunun bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut edir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, Prezident İlham Əliyev iyunun 17-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edərkən Azərbaycan böyük mina problemi ilə üzləşdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, elə həmin gün daha bir analoji hadisənin baş verdiyini bildirib. Bundan iki gün sonra, iyunun 19-da ANAMA-nın daha bir əməkdaşı Əli Şükürov da Cəbrayıl rayonunda minaya düşərək xəsarət aldı.

 

Parlamentarinin sözlərinə görə, ANAMA-nın əməkdaşları öz fəaliyyətlərini fədakarlıqla, sürətlə  davam etdirirlər. Amma ermənilərin mina terroru hələ də davam edir. Bu səbəbdən minatəmizləmə prosesi uzun vaxt tələb edir.  

 

Fatma Yıldırım qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib: “Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, xüsusilə BMT-dən daha fəal dəstək gözləyir. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olublar. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi