Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə toxunulub.
Paşinyan Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində yaranan problemlərin həllinə görə Rusiya tərəfinə təşəkkür edib və bunun “Ermənistan və Rusiyanı birləşdirən yeganə quru yolu” olduğunu xatırladıb.
O, həmçinin “bütün regionun blokadadan çıxarılmasını” dəstəkləyib.
"Ümid edirəm ki, artıq görülən işlər nəticəsində biz konkret qərarlara gələcəyik. Regionun nəqliyyat və iqtisadi kommunikasiyalarının blokdan çıxarılması indiki şəraitdə xüsusi əhəmiyyət kəsb edir", - Ermənistanın baş naziri yekunlaşdırıb.
Mixail Mişustin deyib ki, Moskva Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmaya uyğun olaraq Cənubi Qafqazda nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılmasına xüsusi diqqət yetirir.
“Baş nazirin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində əməli işlər aparılır. Onun növbəti iclası Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində keçirilib”, - M. Mişustin bildirib.