2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər təklif olunur. Büdcəyə əlavələrə uyğun olaraq, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün xərclər də artırılır. Müəyyən edilən məbləğə əsasən, həmin tədbirlər üçün xərclər 20 484 078 manatdan 29 638 331 manata qaldırılır.
Bu addım ilin sonuna kimi ölkədə seçkilərin keçiriləcəyi barədə iddiaları yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə dolaşan iddialarda ölkədə referendum keçiriləcəyi, növbədənkənar parlament seçkilərinin təşkil ediləcəyi və ya Milli Məclisin boş qalan dairələrinə təkrar seçkilərin olacağı önə çəkilir. Lakin bəzi ekspertlərin fikrincə, hazırki durumda heç bir seçkilərdən söhbət getmir və əlavə təyin edilən vəsait sadəcə azad edilmiş ərazilərdə seçki məntəqələrinin formalaşdırılmasına başlamaq üçün sərf olunacaq.
Mövzu barədə Modern.az-a danışan deputatların fikrincə, parlamentə növbədənkənar seçkilərin keçirilməsi müzakirə mövzusu deyil və bununla bağlı iddialar həqiqəti əks etdirmir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, parlamentin buraxılması, yenidən tam tərkibdə seçkilərin keçirilməsindən söhbət gedə bilməz:
“Çünki parlamentdə böhran vəziyyəti yoxdur. Boş dairələrə seçkilər keçirilə bilər. Azad edilmiş ərazilərin seçki dairələri isə müxtəlif bölgələrdə, məcburi köçkünlərin yaşadığı ərazilərdə fəaliyyət göstərir. Amma məntəqələrin yaradılması ilə bağlı planlaşdırma aparıla bilər. İnsanlar məskunlaşdıqca, geri qayıtdıqca məntəqələr formalaşdırılacaq”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə düşünür ki, vəsaitin konkret hansı istiqamətə yönləndiriləcəyini demək çətindir:
“Ola bilər, əlavə vəsaitin müəyyənləşdirilməsi maaşların artırılması, seçki komissiyasında, dairələrdə maaş alan işçilərə əlavə ödənişlərin tətbiqi ilə bağlıdır. Milli Məclisin boş dairələrinə təkrar seçkilər də keçirilə bilər. Amma bununla bağlı hələlik qərar olmadığından şərh etmək çətindir.
Azad edilmiş ərazilərdə seçki məntəqələrinin formalaşdırılmasına gəlincə, artıq bu proseslər üçün başlamaq olar. Ümumilikdə büdcə artımı çox müsbət haldır. Böyük Qayıdış, müdafiə xərcləri ilə və digər sahələr üzrə vəsaitlər artırıldı. Əlavə büdcəyə gələn vəsait düzgün istiqamətlərə xərclənir. Qazilərimizin psixoloji reabilitasiyasına da ciddi diqqət yetirilməsini istəyərdim”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa seçkilərin keçirilməsinə əlavə vəsaitin ayrılmasını hansısa formada seçkinin olması ilə əlaqələndirib:
“Referendum, yoxsa parlamentin boş qalan yerlərinə seçkilər keçiriləcək – bunu dəqiqləşdirməyə ehtiyac var. Bütün hallarda əlavə vəsaitin təyin edilməsi seçki keçiriləcəyini göstərən ilkin əlamətdir. Çox güman ki, ilin sonuna qədər bu sahədə addım atılacaq, amma hələlik mənim də dəqiq bilgim yoxdur”.