Modern.az

Quru sərhədləri təhlükəsizliyə görə açılmır – Komitə sədri

Quru sərhədləri təhlükəsizliyə görə açılmır – Komitə sədri

Parlament

21 İyun 2022, 17:08

“Sözsüz ki, COVID-19 pasportu ləğv olunub, sərhədlər açılmalıdır. Ancaq burada bir məsələ nəzərdə saxlanmalıdır ki, Azərbaycan müharibədən yeni çıxmış ölkədir. Ölkəmizdə hələ də müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. İnsanların təhlükəsizliyi təmin olunmalıdır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

 

Onun sözlərinə görə, quru sərhədlərinin açılması turizmin inkişafı baxımından vacib olsa da, təhlükəsizlik məsələləri ön planda durur:

 

“Təbii olaraq, hər bir ölkə istəyər ki, turistlərin sayı daha çox olsun. Bu, nəinki ölkəyə daxil olan əlavə vəsaitin artması, həm də ölkənin imicinin yüksəlməsi deməkdir. Turizm həm də ölkənin dünyada təbliğidir. Pandemiyadan əvvəl ölkəyə 1 milyondan çox turist gəlirdi. Bu, həm dövlət büdcəsinə xeyli vəsaitin daxil olmasına, həm də insanların buradan xoş təəssüratlarla getməsinə səbəb olurdu. Turistlər öz ölkələrinə gedib,  Azərbaycan haqqında yaxşı fikirlər formalaşdırırdılar. Ancaq turizm üçün əlverişli olan ərazilərin əksəriyyətində təhlükəsizlik təmin olunmalıdır. Bizim özümüz bu yaxınlarda Şuşaya gedəndə çox ehtiyyatlı davrandıq. Çünki mənfur düşmənlərimiz bütün yaşayış məntəqələrini məhv ediblər. Kim bilir ki, orada bulağın altında, yaxud çayın qırağında mina yoxdur. Ermənilər bütün ərazilərin hamısını minalayıblar. Buna görə də, xarici vətəndaşların təhlükəsizliyinin təmin edilməsi vacibdir”.

 

Komitə sədri hesab edir ki, quru sərhədləri təhlükəsizliyə zəmanət verilərsə, sentyabrdan əvvəl açıla bilər:

 

“Hesab edirəm ki, quru sərhədləri açılacaq. Tutaq ki, Gürcüstana getmək lazımdır. Quru yolla getmək daha sərfəli olduğu halda niyə təyyarə ilə gedilsin?!. Sentyabrdan əvvəl quru sərhədlərin açılmasını gözləyə bilərik. Əlbəttə, müəyyən təhlükəsizlik məsələləri aradan qalxıb, təhlükəsizliyə zəmanət veriləcəksə, quru sərhədlər açılacaq”.

 

Daha sonra xüsusi karantin rejiminin müddətinin artırılmasından söz açan T.Rzayev hələ pandemiyanın bitmədiyini vurğulayıb:

 

“Digər tərəfdən xaricdə meymunçiçəyi adlı xəstəlik geniş yayılıb. Xəstəliyin ölkəmizə də gəlməsi qorxusu var. Bu baxımdan karantin qaydalarının ləğv edilməsi bu günün tələblərinə cavab vermir. Əgər insanlar xəstələnirsə, yoluxma halları davam edirsə, mütləq karantin qaydaları tətbiq edilməlidir. Onsuz da normal həyata qayıtmışıq. Dünən kütləvi məclislərə toplaşmaqla bağlı məhdudiyyətlər qaldırıldı. 10 nəfərin bir araya yığılması qadağan idi, onu da aradan götürdülər. Buna baxmayaraq, əgər hələ də yoluxma varsa, mütləq karantin müddəti saxlanmalıdır. Həkimlər, insanların özü də ehtiyyatlı olmalıdır. Əvvəllər 2-3 yoluxma olanda deyirdik ki, karantin qaydaları niyə var, niyə cəzalar və məhdudiyyətlər tətbiq olunur. Ancaq sonra yoluxmanın 1000-ə, 2000-ə yüksəldiyinin şahidi olduq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi