Modern.az

Azərbaycan-İsrail dostluğu diaspor müstəvisində

Azərbaycan-İsrail dostluğu diaspor müstəvisində

Diaspor

22 İyun 2022, 15:08

Bu gün İsrail bəzi Avropa dövlətləri, həm də Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Lakin elə ölkələr var ki, İsrailin onlarla münasibətləri xüsusi strateji, müttəfiqlik xarakteri daşıyır. Belə ölkələr arasında Cənubi Qafqazın lideri Azərbaycan xüsusi olaraq seçilir. Azərbaycan bu gün İsrailin tərəfdaşları sırasında ön yerlərdə qərarlaşır.

İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik tarixi ərzində bu iki ölkənin və onların xalqlarının münasibətləri çox yüksək səviyyədə inkşaf edib. Hazırda yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan arasında qarşılıqlı münasibətlər dünyaya qardaşlığın nümunəsi kimi göstərilir. 

Azərbaycan-İsrail əlaqələrinin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Eyni zamanda deyə bilərik ki, iki ölkə münasibətlərinin dirçəlməsində diaspor sahəsi də özünəməxsus rola malikdir. 

Heç kimə sirr deyil ki, dünyada ən güclü diaspor İsrailə məxsusdur. Bu gün İsrail diasporunun Azərbaycana münasibəti, habelə, iki ölkənin diaspor qurumlarının əməkdaşlığı digər ölkələr üçün nümunəvi xarakter alıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, müttəfiqlik əlaqələrinin gücləndirilməsi diaspor sahəsini də əhatə edir.

Son vaxtlar biz görürük ki, İsraildəki erməni icmaları, diaspor nümayəndələri iki ölkə arasında əlaqələri qısqanaraq fəallaşmağa, həmçinin İsraildə bəzi təşkilat və qurumların Ermənistanla qarşılıqlı münasibətlərini tənzimləməyə çalışırlar. Bu fakt ilk növbədə ondan xəbər verir ki, Azərbaycan və İsrail müttəfiqliyi Ermənistanın və erməni lobbisini ciddi narahat edir.

Bütün bunlara baxmayaraq, iki ölkənin dostluğu və qardaşlığı diaspor müstəvisində davam etdirilir. Bu sahədə artıq çox mühüm işlərə başlanılıb desək, yanılmarıq. Belə ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir neçə gündür İsraildə səfərdədir. Səfər İsrailin diaspor işləri üzrə naziri Naxman Şayın dəvəti ilə baş tutub. 

 

Səfər çərçivəsində ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində danışıqlar aparılır, müxtəlif şəhərlərdəki Azərbaycan icmalarının nümayəndələri ilə görüşlər keçirilir.

Komitə sədri Fuad Muradovun Knessetdə keçirdiyi görüşlərdə, daha sonra İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla danışıqlarda qarşılıqlı fəaliyyət istqamətləri, müxtəlif proqram və layihələr barədə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib. Bundan əlavə, ölkəmizdən dünyanın müxtəlif yerlərinə köçmüş yəhudilərin həm də Azərbaycan icması olaraq birgə layihələrə cəlb edilməsi istiqamətində addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqları, Vətən müharibəsi və post-müharibə dövründə İsrailin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi, xalqlarımızın dostluq əlaqələrinin tarixi ənənələrə malik olması məmnunluqla vurğulanıb. Görüşün sonunda Fuad Muradov israilli həmkarını Azərbaycana səfərə dəvət edib.

 

Bu barədə Modern.az-a açıqlama verən Azərbaycanın İsraildəki diaspor nümayəndəsi Səadət Şükürova komitə sədrinin səfərinin Azərbaycan və İsrail diasporunun birgə fəaliyyəti üçün uğurlu olduğunu bildirib:

“Demək olar ki, artıq dünyanın əksər ölkələrində Azərbaycanın diaspor təşkilatları öz işlərini uğurla davam etdirir. Bu ölkələr arasında İsrail xüsusi qeyd edilməlidir. Ona görə ki, yəhudilərin Azərbaycanda tarixi köklərinin olması danılmaz faktdır. Hər iki xalq hər zaman dostluq və qardaşlıq şəraitində yaşayıblar. Tarixəndə bir-birlərinin yanında olub, dünyaya birlik mesajı ünvanlayıblar. Xalqlarımız arasında siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə əməkdaşlıq edilib.

Görüşlərdə Azərbaycan diasporunun İsraildə fəaliyyəti, Azərbaycan-İsrail əməkdaşlığı, Qarabağın bərpa-quruculuq prosesinə investisiyaların cəlb olunması üçün səylər və imkanlar, gələcək layihələr müzakirə olunub. Bu da hər iki xalqın birliyini göstərən önəmli faktordur".

Bildiyimiz kimi, İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail Knessetində baş tutan görüşlərdə İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim məsələləri və irsi üzrə, eləcə də mənzil və tikinti üzrə nazir Elkin Zeev, Elina Bordaç Yalovanın rəhbərlik etdiyi İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, “İsrail Bizim Evimiz” partiyasının baş direktoru İnna Zilberqerts, Akko şəhər merinin birinci müavini, Yəhudi Milli Fondunun törəmə təşkilatı olan “Neimanuta” şirkətinin rəhbəri Zeev Noymanla görüşüb. Bu görüşlər ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.

 

Diaspor fəalı gələcəkdə Azərbaycan və İsrail arasında yeni layihələrə imza atılacağını sözlərinə əlavə edib:

"Zəfər Qurultayında Prezident göstəriş verdi ki, Azərbaycan dilinin xaricdə təbliğatına geniş yer vermək lazımdır. Diaspor Komitəsi məsuliyyətlə bu tapşırıqları yerinə yetirir. İsraildə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması tezliklə öz bəhrəsini verəcək. Bu gün Azərbaycan diasporu uğurlu inkişaf yolu ilə addımlayır. Biz hələ daha böyük və uğurlu layihələrin şahidi olacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu