Modern.az

Məğlubiyyət şokundan ayılmayan erməni diasporu sülhə qarşı

Məğlubiyyət şokundan ayılmayan erməni diasporu sülhə qarşı

23 İyun 2022, 11:44

Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışsa da, erməni diasporu buna qarşı çıxır. İkinci Qarabağ müharibəsindən sonra nüfuzdan düşən erməni diasporu revanşist mövqe sərgiləyir və bu zərərli ideyanı dünya erməniləri arasında yaymağa çalışır. 

 

Baş nazir Nikol Paşinyan iqtidarını məğlubiyyətdə ittiham edən erməni diaspor təşkilatları niyə sülhə qarşı çıxır? Bu sual özlüyündə bir çox məqamları birləşdirir... 

 

Əvvəla qeyd edək ki, İrəvanın 2020-ci il müharibəsindən sonra Azərbaycanla sülh razılaşması bağlamağa, eyni zamanda Türkiyə ilə əlaqələri bərpa etməyə çalışması erməni diasporunu fiaskoya uğradıb. Müharibədəki məğlubiyyətin sarsıntısından hələ də çıxa bilməyən revanşist düşüncəli ermənilər milli maraqlarının satılması ittihamı ilə yerli hakimiyyətə düşmən kəsilib və israrla Paşinyanın istefasını tələb edirlər. Əslində bununla xaricdəki erməni diasporunun məğlubiyyəti rəsmiləşir.

 

 

Modern.az-ın məlumatına görə, bu gün erməni diasporunu təmsil edən media səhifələri və sosial şəbəkə platformaları münasibətlərin normallaşması prosesinə qarşı qəzəbli ritorika ilə dolub-daşır. Müxalifətin etiraz aksiyalarına dəstək verən erməni diasporu açıq şəkildə sülhə qarşı olduğunu nümayiş etdirir. 

 

Belə ki, ABŞ-dakı ən böyük erməni diaspor lobbi təşkilatı Amerika Erməni Milli Komitəsi (ANCA) də Baş nazir Nikol Paşinyana qarşı radikal mövqedən çıxış edir. Lakin bu heçə də erməni diaspor fəallarının fikir həmrəyliyi kimi xarakterizə oluna bilməz. Müşahidələr göstərir ki, Paşinyanın siyasətinə yanaşma erməni diasporu arasında ikitirəlik yaradıb.

 

 

Bu ilin may ayında müsahibə verən Ermənistanın diaspor komissarı Zareh Sinanyan bildirib ki, diasporun Paşinyana qarşı çıxması “vətənə xəyanət”dir. Hansı ki, ABŞ-a səfərləri zamanı ermənilər dəfələrlə onu və Paşinyanı satqın olmaqda ittiham ediblər.

 

Ardınca diaspor qəzeti olan “Horizon Weekly” rüsvayçı durumda olduqları barədə etiraf dolu məqalə dərc edib:

“Diaspor nümayəndələri Sinanyana diasporun Ermənistanın gələcəyi ilə bağlı ayıq-sayıq qalmağa davam edəcəyini, amma onun və Paşinyanın əsl satqın olduğunu xatırladıblar”.

 

İrəvanda hökumətin normallaşma istiqamətində atdığı addımlara qarşı son etiraz dalğası Ermənistanda olan diaspor üzvləri və təşkilatlar tərəfindən ciddi şəkildə dəstəklənib. 

 

47 yaşlı Kanada əsilli erməni investisiya bankiri Qaren Meqerdiçyan 2015-ci ildə Ermənistana köçüb. O, ailəsi ilə birlikdə etirazların daimi iştirakçısı olub, çünki hökumətin Ankara ilə əlaqələrinin yanlış olduğunu düşünür. Bundan əlavə, Paşinyanı və hazırkı hökuməti istefaya məcbur edəcəyinə və onun yerinə yeni hökumətin gətirilməsinə ümid etdiyini söyləyib.

 

Amma erməni diasporu arasında əlaqələrin normallaşmasını istəyənlər də var. Bunlardan biri Paşinyanı və danışıqlar prosesini müdafiə edən, nəticədə satqın damğası almış, açıqsözlü, erməni əsilli amerikalı rok ulduzu Serj Tankyandır. İyun ayında o, erməni birliyi ilə bağlı yeni mahnı buraxıb.

 

Livan əsilli erməni jurnalist Vikken Çeterianın fikrincə, Paşinyan erməni diasporunu parçalayıb. Amma İrəvanda küçə müxalifətinin şüarlarını izləyən diasporun nə Azərbaycan, nə də Türkiyə ilə bağlı dərin təhlili var, sadəcə qorxurlar ki, bu iki dövlət Ermənistana və Qarabağdakı ermənilərə düşmən münasibət bəsləyir.

 

Ermənilərin çoxu keçmişdə diasporu Azərbaycanın böyüklüyünə və neft sərvətinə görə üstünlüyünü ört-basdır etmək üçün bir vasitə kimi düşünsələr də, bu mifi 2020-ci il müharibəsi yerlə bir etdi.

 

 

İqtisadi Strateji Tədqiqatlar mərkəzinin rəhbəri Benyamin Poqosyan bildirib ki, erməni diasporu 2020-ci ildə Azərbaycan neftinə uduzdu:

 

“Hər zaman belə bir müqayisə aparılıb ki, “onların nefti, bizim diasporumuz var. Lakin diaspor müharibənin qarşısını ala bilmədi. Bu həm də diasporda belə bir çaşqınlıq yaratdı ki, biz 20-25 ildir təhlükəsizliyin təmin olunacağına ümid edərək Ermənistana pul göndəririk, lakin Ermənistanı itirdik. Beləliklə, müharibə diaspora və Ermənistana inamsızlıqla, ya da mifin sonu ilə nəticələndi”. 

 

Erməni diaspor nümayəndəsi Çeterian isə hesab edir ki, diaspor erməniləri yüksək səslə ictimai etirazlar təşkil edə bilər, lakin onların real siyasi təsirləri minimumdur: “Diaspor siyasi qüvvə ola bilmir, çünki diaspor siyasət haqqında düşünmür, Ermənistana təsir etmək üçün siyasi institutlar inkişaf etdirilməlidir”.

 

Göründüyü kimi, İkinci Qarabağ müharibəsi Ermənistanla yanaşı, erməni diasporunun da biabırçı məğlubiyyətinə gətirib çıxardı. Artıq il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, dəmir yumruqla əzilən revanşist ermənilər özlərinə gələ bilmirlər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu