Modern.az

Azərbaycan-Özbəkistan əlaqələri ən yüksək səviyyəyə qalxacaq

Azərbaycan-Özbəkistan əlaqələri ən yüksək səviyyəyə qalxacaq

Aktual

23 İyun 2022, 11:24

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində arasında bütün mühüm sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması, qarşılıqlı münasibətlərin strateji hədəflərini müəyyənləşdirən birgə Bəyannamənin qəbul edilməsi iki ölkə arasındakı əlaqələrin gələcək hərtərəfli inkişafının əsasını qoymaqla yanaşı, hər iki xalqın və dövlətin vahid iradəsini ifadə edir.

 

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib. Prezident İlham Əliyevin Özbəkistana səfərinin hər iki ölkə üçün tarixi əhəmiyyət daşıdığını qeyd edən millət vəkili əldə olunan nəticənin sıçrayış xarakterli olduğunu vurğulayıb:

 

“Bu məqam Strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamədə də öz əksini tapıb. Bəyannamə qlobal xarakter daşıyır və ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsidir. Bəyannamədə yer alan bir sıra məqamlar, o cümlədən hər iki ölkənin xarici siyasətinin prioritetlərinin vurğulanması, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsinin ifadə olunması, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilməsi qarşıya qoyulan ortaq hədəflərin strateji əhəmiyyətindən xəbər verir”.

 

Azər Kərimli qardaş Özbəkistanın Azərbaycanın haqq işində dövlətimizin və xalqımızın yanında olduğunun heç zaman unudulmayacağını və qarşılıqlı münasibətlərdə mühüm stimullaşdırıcı faktor kimi rol oynayacağını diqqətə çatdırıb:

 

“Cənab Prezident də öz nitqində Özbəkistanın Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına, həmçinin Özbəkistan Prezidentinin Azərbaycanı 44 günlük Vətən müharibəsində qələbə münasibətilə təbrik etməsinə də diqqət çəkdi və qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyünün bərpası işində, ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyi Azərbaycan xalqı üçün çox qiymətlidir və ikitərəfli münasibətlərin tarixində unudulmaz hadisədir. Bu baxımdan, Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru aparılmasını hədəfləyən siyasi qərarlar, əslində Azərbaycan və Özbək xalqlarının milli iradəsini ifadə edir və sosial sifarişin yerinə yetirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir”.

 

Millət vəkili Özbəkistan Prezidentinin də öz nitqində qarşılıqlı münasibətlərin tarixi və bu günü haqqında önəmli məqamlara toxunduğunu, özbək xalqının azərbaycanlı qardaşlarına olan dərin sevgisini və ehtiramını ifadə etdiyini bildirib:

 

“Özbəkistan Prezidenti İlham Əliyevin dahi atasının işini davam etdirdiyini və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdiyini vurğuladı. Bu olduqca önəmli bir mesajdır və Özbəkistanın Azərbaycanla münasibətlərinə nə qədər böyük önəm verdiyini, səmimi dostluq, qardaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu təsdiqləyir. Şübhə etmirəm ki, bu səmimi dostluq və qardaşlıq Azərbaycan-Özbəkistan əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq və xalqlarımızın rifahı, dövlətlərimizin təhlükəsizliyi üçün mühüm qərarların qəbul və icra edilməsinə vəsilə olacaqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi