Modern.az

Gürcüstana niyə namizəd statusu verilmədi? - Rusiya izi...

Gürcüstana niyə namizəd statusu verilmədi? - Rusiya izi...

Aktual

24 İyun 2022, 12:30

Ötən gün Avropa İttifaqının (Aİ) sammitində Ukrayna və Moldovanı sevindirən, Gürcüstanda isə məyusluq doğuran qərar qəbul edilib. Belə ki, Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusu verilib. Gürcüstana gəlincə, bu ölkədə hələ islahatların aparılmalı olduğunu bəyan edən Aİ rəhbərliyi statusun verilməsindən imtina edib. 

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabında bildirib ki, Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verilə bilər. Bununla belə o, Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu düşünür. 

 

Rəsmi Tbilisiyə imtina cavabının verilməsi səbəbləri haqda müxtəlif iddialar səsləndirilir. Bəzi siyasi ekspertlər hesab edirlər ki, Avropa İttifaqı Rusiya amilinə görə, Gürcüstana namizəd statusu vermək niyyətində deyil. 

 

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Avropa İttifaqının qonşu Gürcüstanla bağlı qərarı bir sıra faktorlardan irəli gəlir. 

 

“Burada, təbii ki, ölkənin sabiq baş naziri, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu və lideri Bidzina İvanişvili faktoru xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Gürcüstan müxalifəti və prezidentin müxtəlif vaxtlarda çağırışları məsələyə təsir göstərən əsas amillər sırasındadır. Onlar çağırış etmişdilər ki, Avropa İttifaqı Gürcüstana status verilməsi məsələsində tələsməsin. Bunu Gürcüstanda siyasi sistemin hələ namizədliyə hazır olmaması ilə əsaslandırırdılar".

 

 

Bundan əlavə, politoloq hesab edir ki, Gürcüstanla bağlı qərarda Tbilisinin Ukrayna müharibəsində sərgilədiyi mövqe də əsas rol oynayır:

 

"Gürcüstanda aparıcı müxalifət liderləri ya təzyiq altında qalır, ya da ümumiyyətlə həbsdədir. Xüsusilə Vahid Gürcüstan Hərəkatı Partiyasının sədri olmuş Nika Melia hazırda həbsdədir. Digər tərəfdən bir məsələ də var ki, indiki Gürcüstan hakimiyyəti Ukrayna müharibəsi ilə bağlı daha ehtiyyatlı davranır. Rusiyanı qıcıqlandırmamağa çalışır. Yəni bu faktorlar əlbəttə, Gürcüstana Avropa İttifaqı tərəfindən namizədlik statusu verilməməsində müəyyən şəkildə rol oynayır".

 

Qeyd edək ki, Avropa Parlamenti Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiya tətbiq etməyi planlaşdırır. Bununla bağlı parlamentin ən iri fraksiyası olan Avropa Xalq Partiyası tərəfindən qətnamə layihəsi hazırlanıb. Sənəddə qeyd olunub ki, İvanişvili Gürcüstanın demokratik sistemini sarsıdır və bu səbəbdən ona fərdi sanksiyaların tətbiqi təklif edilir.

 

Avropa Parlamentinin qətnaməsi Tbilisinin etirazına səbəb olub. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xəbərdarlıq mesajında Avropa təsisatlarını ifşa edəcəyini bildirib: "Əgər qərar ədalətsiz, ölkəmizə və xalqımıza qarşı təhqiredici olacaqsa, hər şeyin pərdəsini açacam, xalqımıza hər şeyi deyəcəm. Mən nəzəriyyə ilə deyil, yalnız faktlarla danışacam".

 

Qaribaşvilidən fərqli mövqedə dayanan Gürcüstan prezidenti Salome Zurabişvili tviter hesabında dünənki qərarla bağlı pozitiv paylaşım edərək yazıb ki, tarixi gündür, Gürcüstanın Avropa perspektivi tanınıb.

 

 "İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq", - Zurabişvili qeyd edib.

 

Onu da bildirək ki, sabiq baş nazir, milyarder İrakli Qaribaşvili Rusiyanın kadrı kimi tanınır. İddialara əsasən, o, Rusiya tərəfindən Gürcüstan rəhbərliyinə gətirilib, bu isə onun himayəsində olan hakimiyyətin Avropaya fərqli münasibətində xüsusi rol oynayır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI