“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Türk dövlətlərinin birliyi kontekstində dövlətimizin başçısının bu səfəri tarixi səfər kimi dəyərləndirilməlidir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə görüşü, aparılan müzakirələr, iki ölkə arasında 20-yə yaxın sənədin imzalanması, Prezidentimizin bir sıra mərasimlərdə iştirakı iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasındas əlaqələri daha da gücləndirməkdir.
Fatma Yıldırımın sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. İki ölkənin əlaqələrinin qurulmasında və inkişafında ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu var. Belə ki, 1996-cı ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Sammitində iştirak etmək üçün Özbəkistanda səfərdə olan ulu öndər Heydər Əliyev qeyd etmişdi ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Ümummilli Liderin Özbəkistana ilk rəsmi səfəri 1997-ci ilin iyununda reallaşıb və bu səfər münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi tarixdə yer alır. Belə ki, həmin səfər çərçivəsində 19 sənəd imzalanıb. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı da xalqlarımızın əlaqələrinin güclənməsində müstəsna rol oynayacaq. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti çıxışı zamanı qeyd etdi ki, Prezident İlham Əliyevin budəfəki səfəri ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəsmi səfərinin 25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezident Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etdilər. Bu, Azərbaycan xalqının Ümummilli Liderinə, bütövlükdə türk dünyasının dahi oğlu Heydər Əliyevin əziz xatərsinə olan böyük ehtiramın göstəricisidir.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan və Özbəkistan dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlər bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir:
“Səfər zamanı iyirmiyə yaxın sənədin imzalanması gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” isə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir. Prezidentimiz “bizim aramızda tərcüməçiyə ehtiyac yoxdur” deməsi də iki türk dövlətinin dil, din, tarixi bağlılığının ifadəsidir”.