Qızı qaçırılan ailə övladı ilə görüşə bilmir.
Bununla bağlı şikayətini Modern.az vasitəsilə diqqətə çatdıran Muradovlar ailəsi qızları İradə Muradlının qaçırıldığını və hədə-qorxuya, işgəncəyə məruz qaldığını bildirir.
Yaxınlarının dediyinə görə, Tərtər rayon Qaradağlı kənd sakini Əhmədov Müşfiq Əyyub oğlu tərəfindən qaçırılan İradə Muradlı bir dəfə ailəsi tərəfindən geri qaytarılsa da, növbəti dəfə zorla həmin şəxs tərəfindən qaçırılıb.
Qızın ailəsi bununla bağlı Tərtər rayon Polis Şöbəsinə müraciət edib, lakin istəyinə nail ola bilməyib.
İradə Muradlının bacısı Nüşabə hadisə barədə Modern.az-a danışıb. Onun dediklərini olduğu kimi təqdim edirik:
“Biz Tərtər şəhərinin özündə yaşayırıq. Bacımı qaçıran oğlan isə Tərtərin Qaradağlı kəndindəndir. Bacımı kolleci bitirdiyi gün, məzun günündə qaçırıb. Sonra qızın adından yalan olduğunu düşündüyümüz izahat yazıldı, videogörüntü bizə göndərildi. Bacım videoda deyir ki, özüm qoşulub qaçmışam, atamı və anamı istəmirəm.
Biz onunla görüşmək istədiyimizi, həmin videonun oğlanın təsiri ilə çəkildiyini polislərə bildirdik. Bir neçə gün sonra bacımla bizi görüşdürdülər. O atamı görən kimi dedi ki, məni xilas elə. Məcbur qaçırıblar, videonu da 5 dəfə zülmlə çəkdiriblər. Polis əməkdaşları işin içində olub. Bizim şikayətimizə Tərtər rayon Polis Şöbəsinin Rəşid adlı əməkdaşı baxırdı. O qızı təhdid edib ki, səni də, atanı da həbs edəcəyik. Həmin Rəşid atamı təhdid edib, bacımın xəstə olduğunu bilərək deyib ki, şikayət etmə, qızını da götür get. Biz ona görə şikayət etmədik, amma bacımı götürüb evə gəldik. Sonra bacım şikayətçi olmaq istədiyini, oğlandan da, polisdən də şikayətçi olduğunu dedi. Atamın adından yenidən şikayət verdik. Bacımı isə həkimə apardıq, inanın həkimlər belə qəbul edə bilmirdilər, oğlanın evində ac-susuz qalmışdı.
İyunun 23-də anam Bayramova Ərkinaz və bacım İradə qonşumuzun xəstə qızına kömək etmək üçün küçəyə çıxıblar. Evin darvazasından çıxan kimi “Toyota” markalı maşın onların qabağını kəsib, oğlanın adamları içindən düşərək, anamı da, bacımı da döyüblər, sonra bacımı zorla qaçırıblar. Anamın bədənində döyülmənin izləri qalıb. Tərtərdə həkimə getdik, ordan ekspertizaya göndərdilər. Ekspertdən keçdik və rəy yazıldı, möhür də vuruldu. Amma bizə nə rəyin nüsxəsini verdilər, nə də şəklini çəkməyə qoydular.
Ayın 25-i bacımı Tərtər rayon Polis Şöbəsinə gətiriblər. Biz ora gedənə qədər polis əməkdaşları bacıma hədə-qorxu gəliblər. Atamla bacım görüşəndə onları tək buraxmayıblar, bacım polislərdən o qədər qorxub ki, ağlamaqdan danışmağa belə halı olmayıb. Atam bacımdan soruşub ki, özün getmisən? Polislər isə bacıma danışmağa imkan vermədən, “hə, hə özü gedib” deyərək, uzaqlaşdırmağa çalışıblar. Biz tələb etdik ki, həkim, ya da psixoloq çağırılsın, onların dəstəyi ilə bacımla danışaq. Polislər buna razı olmadılar. Polislərdən ekspertiza rəyini götürməyi, onun əsasında oğlandan anamı döydüyünə görə şikayətçi olmaq istədiyimizi dedik.
Bizim istəyimiz bacımla görüşməkdir. Ailənin övladı ilə görüşməyə haqqı var, bunu təmin etsinlər. Bacımın həyatından nigaranıq. Birinci dəfə qaçırılanda pis gündə idi, onun halını gözümüzlə gördük. Həkimlər belə mat qalmışdılar. Gördüyü zülmə baxmayaraq, bacımı hələ də o oğlanın əlindən qurtara bilmirik.
Biz bu gün Tərtər rayon prokuroru ilə görüşdük. Prokuror deyir ki, qız öz dili ilə zorla qaçırılmadığını bildirib. Biz polis əməkdaşlarının təzyiqi olduğunu bildirdik, güvənmədiyimizi dedik. Amma görüşün onlar istədiyi təqdirdə mümkün olacağını dedilər. Bildirdilər ki, guya oğlan bacımı da götürüb, Bakıya gedib. Halbuki biz prokurorluqdan çıxandan 5 dəqiqə sonra bacımı da, oğlanı da prokurorluğun qarşısında görüblər. Əvvəldən dediyimiz kimi, bacımı bizə göstərməmək üçün çalışırlar. Anamın döyülməsi ilə bağlı şikayətimiz təmin edilməli və bacımla bizim sərbəst görüşümüz olmalıdır”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı qızın zorla qaçırılması barədə iddialara münasibət bildirib.
DİN rəsmisi ötən gün mediaya verdiyi açıqlamasında vurğulayıb ki, qaçırıldığı deyilən qız Polis Şöbəsinə dəvət edilib: “Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.