Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna müharibəsi başlamazdan öncə gerçəkləşən sonuncu telefon danışığının təfərrüatları açıqlanıb.
Modern.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Makron Putinin tələblərinə sərt cavab verib və Kreml rəhbərinin Zelenskiyə qarşı ittihamlarına qulaq asmaq istəməyib.
"France 2" telekanalının məlumatında deyilir ki, telefon danışığı zamanı Putin Makronu qondarma “Luqansk və Donetsk xalq respublikaları”nın “sülh təkliflərini” nəzərə almağa dəvət edib. Makron isə “separatçıların təkliflərinə asqırmaq istədiyini” bildirib.
Fransa telekanalının məlumatına görə, söhbət Makronun təşəbbüsü ilə reallaşıb və o, Putindən vəziyyətə qiymət verməyi və niyyətinin nə olduğunu birbaşa deməyini istəyib.
Putin isə cavabında deyib ki, Ukrayna prezidenti Zelenski Minsk razılaşmalarına əməl etmək üçün heç nə etmir. “O, sizə yalan danışır", - Putin Makrona bildirib.
Makronun Ukraynada gələcək müharibənin bütün tərəflərinin iştirakı ilə görüş təklif etdiyi də məlum olub.
Xatırladaq ki, telefon danışığı fevralın 20-də, Rusiyanın genişmiqyaslı işğala başlamasına 4 gün qalmış olub.