"Yeşilçam"ın məşhur aktyoru Cüneyt Arkın bu gün 84 yaşında dünyasını dəyişib. Kinosevərlərin hələ də zövqlə izlədiyi bir çox filmlərdə rol alan aktyor qardaş ölkə ilə yanaşı, Azərbaycanda da sevilirdi...
Uşaqlığımızın unudulmaz aktyoru Cüneyt Arkın haqqında nələri bilirik?
Modern.az xəbər verir ki, aktyorun əsl adı Fahrettin Cüreklibatırdır. O, kino sahəsində Cüneyt Arkın adı ilə tanınıb, populyarlıq qazanıb. 8 sentyabr 1937-ci ildə Əskişəhərin Karaçay kəndində anadan olub. Əskişəhər Atatürk Liseyində təhsil alan Arkın 1961-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirib.
Əskişəhərdə ehtiyatda olan zabit kimi hərbi xidmətini yerinə yetirərkən baş rolda Göksel Arsoyun oynadığı “Şafak Bekçileri” (1963) filminin çəkilişləri zamanı rejissor Halit Refiqin diqqətini çəkib. Hərbi xidməti başa vurduqdan sonra Adanada həkim kimi çalışıb. Bir müddət iş axtaran Arkın 1963-cü ildə Halit Refiqin təklifi ilə kino sahəsində fəaliyyətə başlayıb və 2 il ərzində 30-a yaxın filmə çəkilib.
1964-cü ildə çəkilmiş “Qurbet kuşları” filminin finalındakı döyüş səhnəsi Arkının karyerasının zirvəsi olub. Bir müddət emosional-romantik gənc obrazları canlandırdıqdan sonra Halit Refiqin təklifi ilə yenidən döyüş filmlərinə üz tutub.
Cüneyt Arkın 1982-ci ildə rejissor Çetin İnançın çəkdiyi "Dünyanı kurtaran adam" filmində oynayıb. 1980-ci illərdə “Ölüm döyüşçüsü”, “İki başlı nəhəng” kimi döyüş filmlərindən sonra 1990-cı illərdə detektiv seriallara üz tutub.
Cüneyt Arkın at sürmə və karate üzrə mütəxəssis idmançı tituluna sahib olub. Aktyorluqla yanaşı, televiziya proqramlarının aparıcısı olub, qısa müddət ərzində qəzetlər üçün köşə yazısı yazıb. 2009-cu ildə onurğasında sinir sıxılması səbəbindən üç aya yaxın xəstəxanada yatıb.
Şəxsi həyatı
Cüneyt Arkın ilk evliliyini 1964-cü ildə həkim olan Gülər Mocanla edib. Bu evlilikdən onların Filiz (1966) adlı qızı dünyaya gəlib. 1968-ci ildə boşandıqdan bir il sonra Betül İşılla evlənən Arkının Kaan və Murat adlı iki övladı olub.
Siyasi baxışı
Türk millətçi kimliyi ilə tanınan Cüneyt Arkına 2002-ci ildə keçiriləcək ümumi seçkilərdə Ana Vətən Partiyasından (ANAP) Əskişəhər millət vəkili olmaq təklif olunub. Sonrakı illərdə Leyboristlər Partiyası adından təşkil edilən “Biz Leyborist Partiyası hökumətində vəzifəyə hazırıq” kampaniyasına qatılıb və yenidən siyasi səhnədə adından söz etdirib. Ömrünün son illərində siyasi proseslərdən kənarda qalmağa çalışıb.