Ötən həftə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda nəzərdə tutulan məsələlər haqqında MEDİA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Rasim Bağırov Modern.az-ın suallarını cavablandırıb.
O qeyd edib ki, memorandum, həmin səfər çərçivəsində imzalanan bir çox digər sənədlər kimi Azərbaycanla qardaş Özbəkistan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirməyə istiqamətlənib:
“Sənəd media sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, eyni zamanda, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanına uyğun olaraq həyata keçirdiyimiz fəaliyyətin tərkib hissəsidir.
Memorandum qurumların səlahiyyətlərinə aid olan sahələrdə qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı inkişaf etdirmək istəyini nəzərə alaraq, ikitərəfli əlaqələri genişləndirməyə və dəstəkləməyə yönəlib.
Anlaşma Memorandumu çərçivəsində media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, jurnalistlərin hazırlanması, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması, dövlət orqanlarının mətbuat xidmətləri rəhbərlərinin ixtisaslarının artırılmasına yönəlmiş müxtəlif mövzular üzrə təlim proqramlarının təşkili, həmçinin iştirakçıların maraqlı olduğu digər istiqamətlər üzrə tərəfdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur.
Medianın İnkişafı Agentliyi tərəfindən media sahəsində beynəlxalq əlaqələrin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsi məsələsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə digər beynəlxalq əməkdaşlıq razılaşmalarının əldə olunmasına yönəlmiş tədbirlərin görülməsi davam etdirilir”.
“Azərbaycan və Özbəkistan arasında ortaq media platformasının yaradılması nəzərdə tutulubmu?” sualına gəlincə, Rasim Bağırov söyləyib ki, memoranduma əsasən, ikitərəfli əməkdaşlığın formatı özündə tərəflərin nümayəndə heyətlərinin mübadiləsi, birgə tədqiqatların, proqramların, planların, danışıqların təşkili və aparılması üçün işçi qrupların yaradılması, həmçinin informasiya mübadiləsinin təmin edilməsini ehtiva edir:
“Sənəd iştirakçı dövlətlərin müvafiq orqan və qurumlarının fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədi daşıyır. Bununla yanaşı, qarşılıqlı fəaliyyət mexanizmlərinin müzakirəsi məqsədilə konfransların, seminarların, praktiki məşğələlərin, treninqlərin və işçi qrupların işgüzar görüşlərinin təşkili də nəzərdə tutulur”.