Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyanın qərargahında yerləşən otağının dinlənilməsi xəbəri yayılandan sonra partiya rəhbərliyinin tapşırığı əsasında araşdırma başlayıb. Bu gün qərargahın bir neçə nümayəndəsi cihazların quraşdırıldığı yazılan otağa baxış keçirmək istəyiblər. Binanın 1-ci mərtəbəsindəki gözətçi qərargahın nümayəndələrinə bildirib ki, üçüncü mərtəbənin qapısı bağlıdır. Gözətçi həmçinin bildirib ki, İsa Qəmbərin otağının üstündəki otaqda “Gilan” Holdinqin nümayəndəsi oturur.
Qeyd edək ki, Müsavat Partiyasının qərargahı vaxtilə Evtikmə Kombinatı məxsus olan binanın birinci və ikinci mərtəbəsində yerləşir. Sözügedən bina Əmlak məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.
Xüsusi dinləmə qurğusunun isə əsasən Müsavat başqanı İsa Qəmbərin ikinci mərtəbədə yerləşən kabinetinin üstündəki otağa yerləşdirildiyi bildirilir. İctimai Palatanın Koordinasiya Şurasının iclasları, Müsavat Divanının toplantıları, müxalifət liderləri arasındakı danışıqlar, beynəlxalq təşkilatların nümayəndələri və səfirlərlə görüşlər əsasən İsa Qəmbərin otağında keçirilir.
Araşdırma davam edir.
A.RÜSTƏMOV