Modern.az

Diaspor sədri Ukraynada döyüşlər gedən şəhərdə olub

Diaspor sədri Ukraynada döyüşlər gedən şəhərdə olub

30 İyun 2022, 11:43

Ukraynada Azərbaycan diasporunun sədri Rusiyanın hücumunu dəf etmiş şəhərdə olub.

 

Modern.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov Kiyev vilayətinin İrpin şəhərinə baş çəkib. H.Cavadovun qeyd etdiyi kimi, məhz burada yerli ərazi müdafiə dəstələri və Ukrayna ordusu bölmələri tərəfindən Rusiya ordusunun paytaxt Kiyev üzərinə hücumunun qarşısı alınıb.

 

“Hazırda şəhərin 70 faizi dağılmış vəziyyətdədir. Bəli, Ukrayna paytaxtı Kiyevə düşmən hücumunun qarşısında sipər olması İrpin şəhərinə bu qiymətə başa gəldi. Şəhər viranəyə çevrilib və belə mənzərəni görmək çox ağrılıdır, halbuki müharibədən əvvəl dəfələrlə olduğum bu şəhər avropasayağı infrastrukturu ilə Ukraynanın ən qabaqcıl şəhəri olub” – deyə o, bildirib.

 

İrpin şəhərinin meri Oleksandr Markuşinlə görüşən UABD rəhbəri şəhərdə görüləcək bərpa işlərində Azərbaycan diasporunun iştirakını müzakirə edib. 

 

“Şəhərdə Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin bərpasınına başlayan, həmçinin Zərifə Əliyeva parkında yenidənqurma işlərini görəcək "SOCAR Ukraine" şirkətinə bir daha təşəkkür etmək istərdim. Mən isə “Pçelka” uşaq bağçasının bərpası üçün maliyyə mənbəyi tapmaq üçün təşəbbüskarlıq etdim. Bu işdə mənə dəstək olacaq bütün dostlara, şirkətlərə minnətdar olaram” – deyən Hikmət Cavadov həmçinin İrpin şəhərinin polis rəisi Oleksandr Maloqolovla da görüşüb. Polis rəisi də şəhər polis idarəsi binasının təmirində iştirak etdiyi üçün UABD-nin fəxri sədri Oqtay Əfəndiyevə minnətdarlıq edib.

 

Bundan əlavə, İrpin Şəhər Sərmayə Şurasının rəhbəri Volodımir Karplyuk da şəhərdəki təşəbbüslərə mütəmadi verdikləri dəstəyə görə Hikmət Cavadova, habelə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu