Modern.az

“Bakı konfransı həqiqətən əlamətdar hadisədir” - SPİKER

“Bakı konfransı həqiqətən əlamətdar hadisədir” - SPİKER

Parlament

30 İyun 2022, 17:28

"Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci sammitində dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi qərara aldılar. Ötən ilin noyabrında Madriddə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə uyğun olaraq biz Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini təsis etdik. Bu gün Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunur. Biz bunu üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisi hesab edirik. Konfrans, həmçinin Şəbəkənin qlobal parlament diplomatiyasında gələcək fəal iştirakına dair ümidlərimizi və inamımızı artırır".

 

Modern.az xəbər verir ki, bu sözləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.

 

Sədr qeyd edib ki, Bakı konfransı həqiqətən də əlamətdar hadisə olacaq:  

 

"Biz tədbirin gedişatında Qoşulmama Hərəkatının parlament şəbəkəsinin fəaliyyət metodlarına dair nizamnamə, eləcə də, şəbəkənin rəsmi loqosu və bayrağını qəbul etməyə hazırlaşırıq. Biz, həmçinin qarşıdakı 3 il müddətinə şəbəkənin sədrini və sədr müavinlərini seçməyə hazırlaşırıq. Bakı konfransının daha bir əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, o, Azərbaycan tərəfinin təşəbbüsü ilə iyunun 30-na – Beynəlxalq Parlamentarizm Gününə təsadüf edir.

 

Fürsətdən istifadə edərək, mən bu əlamətdar hadisə münasibətilə sizin hər birinizi təbrik edirəm. Mən, həmçinin ümidvar olduğumu bildirirəm ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı öz fəaliyyəti vasitəsilə qlobal miqyasda parlamentlərarası əməkdaşlığa töhfəsini verəcək.

 

Biz pandemiyanın mənfi təsirləri, eləcə də, postpandemiya dövründə qlobal miqyasda dirçəliş istiqamətində Qoşulmama Hərəkatının və Azərbaycanın sədrliyinin təşəbbüslərindən xəbərdarıq. Qoşulmama Hərəkatı parlamentlərinin bu təşəbbüslərə kollektiv dəstəyi Madrid Bəyannaməsində öz əksini tapıb və bizim bu gün qəbul etməyə razılaşdığımız Bakı Bəyannaməsində bir daha təkrarlanacaq".

 

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, davam edən pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi və bir çox başqa çağırışları nəzərə alaraq, bu gün dünyamız elə bir nəhəng transformasiya dövrünü yaşayır ki, qlobal təhlükəsizlik və inkişaf strukturu çox güclü və çox ciddi dəyişikliklərə məruz qalır. Sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl ideallarının və rolunun davamlı əhəmiyyəti bir daha vurğulanıb.

 

Parlament diplomatiyasından danışan Sahibə Qafarova hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın indi hər zamankından daha vacib olduğu bir vaxtda bu diplomatiyanın böyük əhəmiyyət kəsb etdiyini deyib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin üzv ölkələrin əhalisi arasında Hərəkatın dəyərlərinin inkişafı ilə bağlı məlumatlılığın artırılmasına kömək edəcəyinə, həmçinin üzv ölkələri narahat edən məsələlərlə məşğul olmağa parlamentarilərə kömək göstərəcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, Azərbaycan tərəfi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bütün üzv dövlətlərin maraqlarına uyğun qurulmasını təmin etmək üçün mövcud mexanizm və resurslardan istifadə edib.

 

Sonda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçilib.

 

Qeyd edək ki, konfrans 3 gün davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi