“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib. Beləliklə, paktiki olaraq Bakı şəhərində yeni bir nüfuzlu beynəlxalq platformanın əsası qoyuldu. Konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi də platformanın önəminin göstəricisidir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində parlament diplomatiyası xüsusi rol oynayır. Milli Məclisin dünya ölkələrinin parlamentləri ilə fəal əlaqələri, beynəlxalq təşkilatlar müstəvisində aktiv fəaliyyət bütövlükdə dövlətimizin nüfuzunun artmasına müsbət təsir edən amillərdən biridir. Ötən ilin noyabr ayında İspaniyanın paytaxtı Madrid şəhərində Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlament Şəbəkəsinin təsis edilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bu platformanın təsis iclasına Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova sədrlik etmişdi.
Millət vəkilinin sözlərinə görə, Parlament Şəbəkəsi Qoşulmama Hərəkatının tarixində yeni səhifə açır və bu platforma üzv dövlətlər arasında parlamentlərarası əlaqələrin inkişafına xidmət edəcək: “Azərbaycan bu beynəlxalq platformadan mühüm tribuna kimi istifadə edib və etməkdədir. Torpaqlarımızın işğal altında olduğu illərdə Azərbaycan Qoşulmama Hərəkatının tirbunasından fəal istifadə edərək Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa edirdi. Bu barədə təşkilatın bir sıra sənədlər qəbul etdiyini hamımız bilirik. 44 günlük Vətən müharibəsinin gedişində də biz bu qurumun dəstəyini gördük. Xüsusilə, BMT Təhlükəsizlik Şurasında məhz Hərəkata üzv ölkələrin qətiyyətli mövqeyi nəticəsində ölkəmizə qarşı sənəd qəbul olunmadı. Belə faktların sayını artırmaq da olar”.
Fatma Yıldırım qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunması beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin təşəbbüslərinə verdiyi dəstəyin növbəti nümunəsidir. Parlamantlər Şəbəkəsi Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlamentlərin dəstəyinin təmin olunmasına kömək edəcək. Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə fəal əməkdaşlığı, bir birinə dəstəyi, eləcə də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət haqqında fikirlərini ifadə edib.
“Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlətimizin başçısının həmin təşəbbüsləri dünya ölkələri tərəfindən daim yüksək qiymətləndirilib. COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində həm Qoşulmama Hərəkatı, həm də BMT səviyyəsində keçirilən mötəbər toplantılar buna sübutdur. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə BMT-də COVİD-19-la mübarizə çərçivəsində bir sıra sənədlər qəbul olunub. Bütün bunlar Azərbaycanın və onun Prezidentinin dünyada artan nüfuzunun göstəricisidir. Hesab edirəm ki, Parlamentlər Şəbəkəsinin yaradılması Hərəkatın üzvü olan dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsində vacib rol oynayacaq. Bu təsisat dünyanı narahat edən problemlərin həllində də öz mövqeyini ortaya qoyacaq. Düşünürəm ki, Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq naminə bu platformadan da faydalanacaq. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri də böyük əhəmiyyət kəsb edir. Çünki əcnəbi qonaqlar bu səfər nəticəsində həm erməni vandalizminin əyani şahidi olmaq, həm də Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuq və abadlıq işləri ilə tanış olmaq imkanı qazanırlar”,- deyə deputat vurğulayıb.