Modern.az

Hikmət Atayevin xatirəsinə

Hikmət Atayevin xatirəsinə

Parlament

11 Mart 2013, 09:17

(Onun hesabında xilas etdiyi yüzlərlə insanın həyatı var)

 Bizim həmkarımız, eyni komitədə yeddi ildən artıq birgə çalışdığımız bir insan həyatdan köçdü. Faciəvi, zamansız, ömrünün gözəl çağında Milli Məclisin deputatı, Sosial Siyasət Komitəsinin üzvü Hikmət Atayev dünyasını dəyişdi.

 Bu yaxınlarda komitəmizin sədri Hadı Rəcəblinin otağında toplaşaraq Hikmət müəllimin 60 illik yubileyi münasibətilə çayla tort içərkən zarafatyana bizi ad gününə çağırmadığı üçün onu məzəmmət etdik. O isə cavab verdi ki, istənilən vaxt bunu etməyə hazırdır və biz razılığa gəldik ki, Novruz bayramı ərəfəsində onun yubileyini qeyd edək...

 Çox təəssüf , alınmadı. İndi isə biz həmkarımızın yas mərasimlərini qeyd edəcəyik: üçü, yeddisi, qırxı.

 Hikmət Atayev haqqında biz çox az bilirik: 1953-cü il 4 fevralda Zaqatala şəhərində anadan olub, Tibb Universitetini bitirmiş və o vaxtdan indiyədək  Zaqatala rayonunun Mərkəzi Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. Hikmətin ata-anası da həkim olublar, regionun ən məşhur cərrahlarından olmuş İsmail Atayevin izi ilə onun oğlu da davam etdi. O, Zaqatala xəstəxanasında ən ağır əməliyyatları həyata keçirmişdir, onun hesabında xilas etdiyi yüzlərlə insanın həyatı var. İxtisasca həkim olan deputat Musa Quliyev öz həmkarının dəfnində iştirak etdikdən sonra mənə bunları demişdi: “Hikmətin faciəvi ölüm xəbəri ətraf ərazilərə yayılan kimi Balakəndən, Qaxdan və digər qonşu rayonlardan vidalaşmaq üçün insanlar axışdı. Atayevin Zaqatala şəhərinin mərkəzi xəstəxanasındakı həkim həmkarları isə bizə hüznlə etiraf edirdilər ki, onun həyatdan getməsi əvəzsiz bir itkidir. Axı onlar Hikmət Atayevlə hər bir məsələ üzrə məsləhətləşirdilər və o, hər zaman onların köməyinə çatırdı. Çox alicənab, təvazökar, qərəzsiz insan olan Hikmət Atayevin həmin zonadakı hörməti danılmazdır”.

 Hikmət müəllim Milli Məclisin plenar iclaslarında çox çıxış etməzdi, amma hər zaman ağıllı və mövzu üzrə danışardı. Ümumiyyətlə o, aktiv vətəndaş mövqeyi olan bir insan idi. Qızğın şəkildə öz mövqeyini müdafiə edərdi, xüsusilə tibb sahəsi ilə bağlı məsələ müzakirə edilərkən hər kəsdən fərqlənən özünəməxsus düşüncə nümayiş etdirərdi. Zaqatalada zəlzələ baş verəndə Hikmət müəllim onun nəticələrinin aradan qaldırılması istiqamətində həm cərrah, həm də deputat kimi çox iş gördü.

 Hikmət Atayevin iki qızı, bir oğlu atalarının izi ilə gedərək həkim sənətini seçiblər. Böyük oğlu Tiflis Tibb İnstitutunda 3-cü kursda oxuyur, deyilənə görə artıq müstəqil şəkildə əməliyyat edir. Kiçik oğlu isə 5-ci sinifdə oxuyur. Təəssüf ki, uşaqlarından heç birinə toy etmək, nəvə görmək Hikmət Atayevə qismət olmadı.

 Hikmət çox cavan görünürdü. Onun qamətli, səliqəli əndamına baxanda 60 yaş vermək olmurdu ona. Hikmət daha uzun ömür yaşamaq və öz həmyerliləri üçün daha çox iş görmək istəyirdi. Amma fələk öz hökmünü verdi.

 Tez-tez yol nəqliyyat hadisəsinin qurbanı olmuş insanları Hikmətin yanına gətirərdilər və o, çoxlarını ümidsiz vəziyyətdən xilas edirdi. Çox təəssüf ki, həmin faciəvi gecə onun özünü heç kəs xilas edə bilmədi.

  Xüsusilə Azərbaycanın rayon yerlərindəki həmyerlilərimiz hələ də sürücülük mədəniyyətinə yiyələnməyiblər: sürücülük vəsiqəsi olmadan, içkili vəziyyətdə, doğru-düzgün idarə etməyi bacarmadan sükana əyləşirlər. Çəkinmədən deyim ki, bu əclaflardan biri həmin faciəvi gecə Hikmət Atayevin yoluna çıxaraq bəşər övladının ən ləyaqətlilərindən birinin həyatına son qoydu.

 Vaxt ötəcək, qismən də olsa qəlb ağrısı azalacaq. Hikmətin oğlu vətənə qayıdacaq və atasının yerini tutacaq, necə ki, onun atası vaxtilə babasının yerini əvəz etmişdi. Atayevlər sülaləsi davam edir. Və bu məncə bizim üçün ən böyük təsəllidir.

 Qəbri nurla dolsun! Allah rəhmət eləsin!

Elmira AXUNDOVA

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...