Modern.az

Qaraqalpaq olayı: Özbəkistan kimin hədəfindədir - Lukaşenko xəbərdarlıq etmişdi

Qaraqalpaq olayı: Özbəkistan kimin hədəfindədir - Lukaşenko xəbərdarlıq etmişdi

4 İyul 2022, 11:40

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən münaqişənin alovları artıq köhnə Sovet coğrafiyasına yayılmağa başlayıb. Ötən həftə Orta Asiyanın Türk respublikalarından birində - Özbəkistanın qərbində baş verən iğtişaşlar diqqəti bu ölkəyə yönəltdi. 

 

Modern.az xəbər verir ki, kütləvi etirazlara səbəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konstitusiyaya dəyişiklik istəyi olub. 

 

Ölkə qanunvericiliyinə təklif edilən düzəlişlər Qaraqalpaq sakinlərini Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edəcəkdi. Amma əhalinin küçələrə çıxaraq buna kütləvi şəkildə etiraz etməsi hökuməti geri addım atmağa məcbur etdi. 

 

Məlumat üçün bildirək ki, ötən həftə iğtişaşlar baş verən Qaraqalpaqıstan respublikası Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40%-ni əhatə edir.

 

Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusda etiraz nümayişində baş verən toqquşmadan sonra regionda avqustun 2-dək fövqəladə vəziyyət və komendant saatı elan edilib.

 

Özbəkistanda millətçi hadisələrin eskalasiyası əslində iyunun 25-də başlayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilin əvvəlində qonşu Qazaxıstanda baş verən dövlət çevrilişinə cəhddən nəticə çıxararaq  konstitusiyaya ediləcək dəyişikliklə hakimiyyətini möhkəmləndirmək istəyib. Özbəkistan xalqına referendum şəklində təqdim edilməsi planlaşdırılan konstitusiya dəyişikliyi iki mühüm bəndi əhatə edirdi. Birincisi, dəyişiklik layihəsi ölkə rəhbərinin 5 il deyil, 7 il müddətinə vəzifədə qalmasını nəzərdə tutur. İkinci mühüm məqam isə sovet dövründən Özbəkistan sərhədləri daxilində muxtar respublika kimi mövcud olan Qaraqalpaq Muxtar Respublikasının müstəqilliyini elan etməsinin qanuni olaraq qadağan edilməsi idi. 

 

Qaraqalpaqıstan respublikası

 

 

9 milyon əhalisi olan Özbəkistanda 1 milyon 500 minə yaxın qaraqalpaq türkü yaşayır. Qaraqalpaqıstan 14 inzibati rayona bölünüb. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi var. Muxtar respublika ərazisinin təxminən 85 faizi səhralıqdır. Hazırkı konstitusiyada respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ var. Prezident Mirziyoyevi də narahat edən məsələ bu olub. Muxtar respublikanın bayrağı, gerbi, konstitusiyası, məhkəmə sistemi və parlamenti mövcuddur.

 

Qaraqalpaq Muxtar Respublikası qərbdə Qazaxıstan, cənubda Türkmənistanla qonşudur. Qaraqalpaqda özbək və qazax dilləri arasında türk ləhcəsi istifadə olunur. Ümumiyyətlə, səhra iqlimi hökm sürən bölgədə torpağın həddindən artıq duzlu olması səbəbindən əkinçiliklə səmərəli məşğul olmaq mümkün deyil. Xüsusilə şimalda Aral dənizinin quruması ilə bölgədə yaşayan 1,9 milyon insan dolanışığını təmin etmək üçün Qaraqalpaqdan kənar qonşu bölgələrə getməyə məcbur qalır. Qaraqalpaq dövlət idarəçiliyi tamamilə Özbəkistanın mərkəzi vəsaiti hesabına təmin edilir. Qaraqalpaq respublikası ilk dəfə 1920-ci ildə bolşevik inqilabı ilə müstəqilliyini elan edib. İlk 12 ildə Qazaxıstana muxtar bağlılığı olan Qaraqalpaq 1932-1936-cı illərdə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil edilib. 1936-1990-cı illərdə Özbəkistan SSRİ-nin tərkibində muxtar respublika olub. Sovet İttifaqı dağılmağa başlayanda 1990-cı ildə ikinci dəfə müstəqilliyini elan edən Qaraqalpaq Muxtar Respublikası konstitusiyada ayrılmaq hüququnu özündə saxlamaq şərti ilə 1993-cü ildə ikinci dəfə Özbəkistanın himayədarlığını qəbul edib. Yeni konstitusiyada “muxtar respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ” bəndi olmayacaqdı. Daşkənd yeni dəyişiklikləri “vahid vətən – ortaq tale” konsepsiyası əsasında həyata keçirmək niyyətində idi. Lakin etirazlar iqtidarın planlarını alt-üst etdiş

 

Şavkat Mirziyoyev geri addım atır

 

Qaraqalpaq Muxtar Respublikasındakı hadisələrin üsyana doğru getdiyini anlayan Özbəkistan lideri geri addım atmağa başlayıb. Qaraqalpaq xalqına müraciət edən Prezident Mirziyoyev bildirib ki, Konstitusiya dəyişikliyi layihəsindən Qaraqalpaq maddəsi çıxarılır. Qaraqalpaqların müstəqillik elan etmək hüququ qorunacaq. Bundan əlavə, mobil operatorlar vasitəsilə sakinlərə konstitusiya dəyişikliyinin qaraqalpaqları əhatə etməyəcəyi mesajı çatdırılıb. Qaraqalpaq xalqını sakitləşdirmək üçün geri addım atan lider təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəlib. 

 

Özbəkistanı kim qarışdırmaq istəyir?

 

Hazırda Özbəkistanda yaşanan hadisələr ilin əvvəlində digər Türk dövləti olan Qazaxıstanda baş verənləri xatırladır. Ehtimal olunur ki, iki ölkəni qarışdırmaq istəyənlər bir mənbəyə bağlıdır. Qazaxıstandakı hadisələr zamanı Prezident Qasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə ölkədə  iğtişaşları dayandıra bildi və xalqın istəklərini ön plana aldı.

 

Qazaxıstan olayları dövründə KTMT-nin iclaslarında səsləndirilən fikirlərə diqqət yetirsək görərik ki, növbəti hədəf Özbəkistan seçilib. Təşkilat vasitəsilə iştirak hüdudlarını genişləndirməyin anonsunu verilib və quruma üzv olmayan ölkələr hədələnib.

 

KTMT-nin belə iclaslarından biri yanvarın 10-da keçirilib. Belarus Prezidenti Aleksandr Lukaşenko iclasda çıxış edərək, Özbəkistanı hədələyib. O, Özbəkistanı Qazaxıstanda baş verən hadisələrdən dərs çıxarmağa çağırıb.

 

“Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, bizdə olan məlumatlara görə, növbəti hədəf Özbəkistana yönəlib”, - deyə Aleksandr Lukaşenko vurğulayıb.

 

Özbəkistanı hədəf alan səbəblər nələrdir?

 

Ölkənin Qərblə münasibətlərinin inkişaf etdirilməsi, hərbi əməkdaşlıqların artırılması xüsusilə Rusiyanı qıcıqlandırır. Özbəkistanın ABŞ-la apardığı danışıqların nəticəsində ABŞ-ın bu ölkədə hərbi baza yaratmaq mövzusu "qırmızı xətt" hesab olunur. Bu da Kreml üçün həyəcan siqnalı deməkdir. Moskvanın da Özbəkistana oxşar təklifi olub, amma Özbəkistan bundan imtina edib. 

 

Özbəkistan  KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib. Bu da Moskvanı qəzəbləndirən məqamlardan biridir. Proseslər göstərir ki, Rusiya hədəfində olan dövlətlə bağlı planlarını həmişə demək olar ki, eyni qaydada aparır. Belə ki, indiyə qədər Rusiya hansı dövlətə təzyiq etmək istəyibsə, həmin ölkənin içindəki separatçı fəaliyyətlərdən istifadə edib.

 

Bütün dünya bunu Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibəsində, Abxaziya və Cənubi Osetiya separatçılarına hərtərəfli dəstəyində, 2014-cü ildə Krımın ilhaqı və Donbasda separatçı bölgə yaratmasında müşahidə edib. 

 

Görünür, növbəti hədəf Özbəkistandır. Kremlin nəzarətindəki Rusiya mediası son vaxtlar Qaraqalpaqıstanın keçmişi haqda, o cümlədən 1930-cu illərdə Rusiya Sovet Federativ Sosialist Respublikasına aid olması barədə yazılar yayımlayır. Bu da təsadüfi deyil. Bütün faktlar bir daha təsdiqləyir ki, Özbəkistanı Moskvadan uzanan əllər qarışdırmağa çalışır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər