“Rusiyanın belə bir bəyanat səsləndirməsi xalqlara və ölkələrə təzyiq vasitəsidir. Bu addımı atsalar, Rusiyanın özündə ciddi problem yaran bilər”. Bunu Modern.az saytına Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Fazil Mustafa Rusiya prezidenti Vladimir Putinin “Gömrük İttifaqına üzvü olmayan ölkələrdən miqrant axını məhdudlaşdırılacaq” bəyanatını şərh edərkən bildirib.
Deputatın sözlərinə görə Azərbaycan balanslı siyasət yürütməklə problemin öhdəsindən gələ bilər. “Rusiya bununla bir neçə ölkəni “Gömrük İttifaqı”na cəlb etmək istəyir. Bu əsasən Azərbaycan və Ukraynaya aiddir. Amma bütün hallarda Azərbaycan düzgün yol tutmalıdır. Çünki müstəqilliyimizə və vətəndaşımıza ziyan verə biləcək bir addım atılmamalıdır. Azərbaycan tərəfi bütün variantlara hazır olmalıdır”-deyə deputat vurğulayıb.
Xatırladaq ki, Rusiya 2015-ci ildən etibarən Gömrük İttifaqına daxil olmayan ölkələrədən gələn işçi qüvvəsini məhdudlaşdırmaqla bağlı bəyanat səsləndirib. Bu fikirləri Vladimir Putin Ukrayna prezidenti Vladimir Yanukoviçlə birgə keçirdiyi brifinq zamanı bildirib. Qeyd edək ki, Azərbaycan Rusiyanın Gömrük ittifqaqına üzvlüklə bağlı təklifini rədd edib. Bu ilin əvvəlində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəsmən bildirib ki, Azərbaycan Avrasiya Gömrük İttifaqına qoşulmayacaq.
Aqşin Kərimov