Modern.az

Deputat ATƏT-in iclasında Qarabağın bərpasından danışdı

Deputat ATƏT-in iclasında Qarabağın bərpasından danışdı

Aktual

5 İyul 2022, 13:40

"Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanat münaqişəyə son qoyub və regionda davamlı sülhün bərqərar olması üçün razılaşdırılmış parametrləri müəyyən edib. Artıq müharibə başa çatdıqdan və münaqişə həll olunduqdan sonra Azərbaycanın mütləq prioriteti yuxarıda qeyd olunan üçtərəfli bəyanatın imzalanması ilə ortaya çıxan kövrək sülhün davam etdirilməsi və möhkəmləndirilməsidir". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Ağayeva İngiltərənin Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı deyib. O qeyd edib ki, sülh məqsədilə münaqişədən sonra effektiv reabilitasiya və yenidənqurma fəaliyyətlərinin həyata keçirilməsi vacibdir: 

 

"Azərbaycan ərazilərinin onilliklər boyu Ermənistan tərəfindən kütləvi dağıntılarla müşayiət olunan işğalının nəticələrinin, o cümlədən humanitar nəticələrin aradan qaldırılmasına yönəlmiş əməli addımlar artıq Azərbaycan hökuməti tərəfindən həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işləri aparılır. Bütün bu işlər Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 1,3 milyard dollar vəsait ayrılıb. Cari ilin dövlət büdcəsində də demək olar ki, eyni məbləğ nəzərdə tutulub.

 

Azərbaycan məcburi köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz şəkildə qaytarılmasına başlamaq, o cümlədən işğal illərində dağıdılmış şəhərlərin bərpasına kömək etmək üçün sərmayə qoyuluşu haqqında planlarını işə salıb. Təəssüf ki, ərazilərimizdəki qalmaqda olan mina təhlükəsi məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur. Biz məcburi köçkünlərin qayıtmasını və Qarabağ üçün yeni dövrün başlanmasını səbirsizliklə gözləyirik. Zəngilan rayonunun Ağalı kəndi tezliklə məcburi köçkün ailələrini qəbul edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi