Türkiyə prezident seçkilərinə hazırlaşır. Qardaş ölkənin vətəndaşları 2023-cü ilin iyun ayında seçki məntəqələrinə üz tutaraq, növbəti müddətə dövlət başçısının kim olacağını müəyyən edəcəklər.
Seçkilərə bir il qalmasına baxmayaraq, artıq hakim düşərgənin namizədi bəllidir. Türkiyənin hazırki lideri Rəcəb Tayyib Ərdoğan rəsmən namizəd elan olunub. Müxalifət isə hələ Ərdoğanın qarşısına çıxara biləcək namizəd tapmayıb.
Siyasi ekspert və politoloqlar hesab edirlər ki, Türkiyə xalqı yenidən Ərdoğanı prezident postuna seçəcək. Hazırda onun şansı rəqiblərinə nisbətən daha yüksək qiymətləndirilir.
Türkiyədəki seçimlərə beynəlxalq reaksiya necədir?
Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin Modern.az-a açıqlamasında Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyinə əmin olduğunu bildirib.
“Ərdoğanın qalib gələcəyinə əminəm. Bunun üçün bir neçə səbəb var. Hazırda Ərdoğan əhali tərəfindən dəstəklənən liderdir və onun istifadə etdiyi idarəetmə üsulu idealdır. Eyni zamanda Ərdoğana qarşı bəzən dünyadan sərt reaksiya gəlsə də, hamının qəbullandığı bir məsələ var ki, o, güclü siyasətçidir. Son zamanlar onun dünyada siyasi nüfuzu artmaqdadır. Rusiya və Ukrayna arasında münaqişə zamanı demək olar ki, təkcə Ərdoğanın sayəsində Türkiyə vasitəçi dövlət statusundadır. Bu da onun necə siyasətçi olduğunu bir daha sübut edir.
Deyə bilərik ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verməsi Ərdoğanın gələcək strategiyasının güclü olduğunu göstərir. Bu davranışla Ərdoğan eyni zamanda Amerikanın da dəstəyini almış oldu.
Türkiyədə prezidentin kim seçilməsindən asılı olmayaraq, bütün dünya bilir ki, Azərbaycanla Türkiyə arasında münasibətlər həmişəki kimi qalacaq. Şuşa Bəyannaməsində göstərilən hazırkı format bundan sonra da qüvvədə olacaq.
Rusiya və Türkiyə arasında münasibətlərə gəldikdə isə bu əlaqələr indi olduğu kimi davam edəcək. Türkiyə Rusiyanın güvənilən müttəfiqlərindən biridir”.
Ukraynalı politoloq Oleq Starikovun sözlərinə görə, Ərdoğanın yenidən prezident seçilmə şansı yüksəkdir:
“Rəcəb Tayyib Ərdoğan milli maraqları müdafiə etməyin nə demək olduğunu sözdə yox, əməldə göstərən siyasətçidir. Amma seçim türk xalqınındır. Prezident Ərdoğanın xarici siyasət gündəmi müxalifət qüvvələri tərəfindən sərt tənqidlərə məruz qalmır. Türkiyə və Ukrayna arasında münasibətlərə gəldik də isə deyə bilərik ki, yenidən davam edəcək. Prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, münasibətlərimiz yüksək səviyyədə qalacaq. Biz müharibə dövründə Türkiyənin çox böyük dəstəyini hiss etdik. Türkiyə iki ölkə ilə balanslı siyasət yeridir. Eyni zamanda hazırda döyüşlər zamanı istifadə olunan "Bayraktar" PUA-lar da Türkiyənin Ukraynaya dəstəyini göstərir”.
İsrailli məşhur politoloq, beynəlxalq hüquq sahəsi üzrə ekspert Mixail Finkel Modern.az-a Türkiyədəki seçkilərdən danışaraq, öz proqnozlarını açıqlayıb:
“İsrail və Türkiyə arasında münasibətlər son vaxtlar müsbət istiqamətdə inkşaf edir. Prezident seçkiləri iki ölkə arasında əlaqələrə təsir etmək iqtidarındadır. Bizim gələcək planlarımız var. İsrailin proqnozu Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlıdır. Onu da qeyd edək ki, iki ölkə arasında əlaqələrin normallaşmasına Azərbaycan son illərdə yardımçı olur. Artıq münasibətlərimiz müsbət istiqamətdə inkşaf edir”.
Pakistanlı siyasi şərhçi Musavar Hamid Tanoli seçkilərin nəticəsindən asılı olmayaraq iki ölkənin qardaş olduğunu söyləyib:
“Türkiyədə müxalifət hələ Ərdoğanın qarşısına kimin çıxaracağını bildirməyib. Bizim proqnozumuz budur ki, yenidən Rəcəb Tayyib Ərdoğan prezident seçiləcək. Amma nəticələrdən asılı olmayaraq qardaş Türkiyə ilə əlaqələrimiz hər zaman güclü olacaq. Son illər biz bu birliyin nəticələrini görürük. Yaxın gələcəkdə də inkşaf gözlənilir. Azərbaycan-Pakistan-Türkiyə hər zaman qardaş ölkə olub və bundan sonra da belə olacaq”.