2 iyul 2022-ci il... Cəbrayıla gedirik. Təxminən 3 həftəyə yaxındır ki, bu səfəri gözləyirdik. ATV telekanalı Cəbrayıl haqqında sənədli film çəkəcək. Səhər saat 5 radələrində Bakıdan çıxırıq. Mənim maşınımda rayonumuzun ağsaqqal ziyalılarından biri Yaqub Məmmədov, uzun müddət C.Əhmədov adına məktəbdə riyaziyyat müəllimi işləmiş Qətibə Nəcəfova və Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin direktoru Aytən Fətullayeva gedir. Ölçüyəgəlməz bir sevinc içərisindəyik. Artıq Horadizi və Cocuq Mərcanlını keçmişik. Birdən yadıma görkəmli şairimiz İsmayıl İmanzadənin "Tamaşa" şeirinin misraları düşdü:
Bu torpağı qəribsəsən çıx yola,
Cəbrayılda çınarlarım qol-qola,
Tumas ata yaranışdan bir qala,
Diridağım, Qala dağım tamaşa.
Şeirin misraları deyildiyi anlarda artıq biz Böyük Mərcanlı kəndinin bərabərində asfaltın sağ tərəfində salınmış və "Düzoba" adlanan ərazidən keçirdik. Necə illərdi belə mənzərəni şəkillərdə, videolarda çox görmüşük. Amma üzbəüz yaxından bu mənzərələri görmək dəhşət idi. Sökülmüş, dağıdılmış, uçuq-çökük divarları qalmış tikililər sanki xəcalət çəkirmiş kimi başını aşağı salmışdı. Bir zamanlar elə bu aradakı asfalt yolun üzərində o tay bu taydan bir-birinə sarı əyilib çətir kimi birləşmiş qovaq və çinar ağacları da yox idi. Sağımızda quru, insansız və cansıxıcı düzənliklər, boz-bulanıq yastı təpələr idi.
Bir az getdikdən sonra yolun sağında Karxulu kəndinin qədim
qəbiristanlığında 19-cu əsr Azərbaycan qadın aşıq sənətinin banisi maralyanlı Aşıq Pərinin kiçik məqbərəsinin - belə demək olarsa - skeletini gördük. 1991-ci ildə bu məqbərəni o vaxt rayonda kiçik bir tikinti firması yaratmış Fikrət Quliyev tikdirmişdi. Və onu deyim ki, bu qəbirüstü abidənin hazırlanmasında mənim də az-cox əməyim olmuşdu. Yolboyu dağıdılmış kəndlərin elə yerləri var idi ki, onların nə vaxtsa mövcud olmağını tanımayan onları heç təsəvvürünə gətirə bilməzdi. Bu kəndlərin işğaldan əvvəlki vəziyyəti ilə indiki durumunu müqayisə edəndə insanın sanki damarında qanı quruyurdu.
41 il qoynunda böyüdüyüm, 29 il həsrətini çəkdiyim Cəbrayıl şəhərinə ağır bir kədərlə daxil olurduq. Əvvəldə qeyd eləmişdim ki, Bakıdan çıxanda sevinc içərisindəydik...
Artıq Cəbrayıldayıq. Aşağı tərəfdən şəhərə daxil oluruq. İşə bax ki, doğma şəhərimizin içərisinə gedəcəyimiz yolu bizə "kinoçəkənlər" göstərir. Kinoçəkənlər demişkən, Cəbrayıl haqqında sənədli filmin ağırlığını boynuna götürən, 20 ildən cox mənimlə bir yerdə AzTV-də çalışmış istedadlı jurnalist Aygün Diridağlı, istedadlı rejissor olduğunu eşitdiyim Fariz Əhmədov, çəkiliş heyətinə ümumi rəhbərlik edən Fəxri müəllim və operatorlarla görüşdük.
Çəkilişə xeyli adam dəvət olunmuşdu. Onlar hamısı buraya və çəkilişə gəlməyə haqqı olan insanlar idi. Cəbrayılın müdafiəsi zamanı oddan-alovdan keçmiş polis rəisi, polkovnik, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Qarabağ qaziləri İxtiyar Hüseynov, Mais Səfərov, neçə illərdi Facebook səhifələrində Cəbrayıllı günlərin xatirələrini bölüşən Vidadi Hümmətov- bunların hər birinin deməyə sözü, danışmağa xatirəsi var idi.
Əvvəlcədən planlaşdırıldığı kimi, hərə bir məkanda çəkilirdi. Ancaq bu məkanları fərqləndirmək olurdumu? Əsla yox. Bütün məkanlar bir-birinə oxşayırdı - sarı tikanlıqlar, qanqallıqlar, qurumuş otlar, kol-koslar - bütün bu mənzərə vaxtilə bura gələn insanların "kiçik Soçi" adlandırdıqları Cəbrayıl şəhərinin mənzərəsi idi. Gələn adamlar elə yay kinoteatrının uçulub-dağılmış həndəvərində bir az yaşıllıq olan kiçik ağacların ətrafında fırlanırdılar. Vaxtilə çinarlar şəhəri olan Cəbrayıldakı nə o məşhur çinarlar, nə hündür qovaq ağacları, nə də bütün həyət və bağlarda olan nəhəng qoz ağacları qalmışdı.
Bunlara baxıb fikriləşdikcə, insan dəli olmaq dərəcəsinə gəlirdi. Görəsən Allah bizi niyə belə namərd, qaniçən, rəzil və şərəfsiz insanlarla - ermənilərlə qonşu edib? Nə isə Allahın işinə qarışmayaq. Çünkü hələ 19-cu əsrdə böyük rus şairi Puşkin deyirdi ki, “sən qorxaqsan, sən köləsən, çünkü sən ermənisən”. Karl Marks isə yazırdı: "Ermənilər sağ qalmaq üçün öz qadınlarını başqa xalqlara satan ilk millətdir". Erməni şairi Yegişe Çarens isə yazırdı ki, “bizdə ikiüzlülük ananın bətnində yaranır".
Mətləbdən uzaqlaşmayaq, "kinoçəkənlər" başladı, nə başladı. Mənim vəzifəm Tarix-diyarşünaslıq muzeyinin son yerləşmə məkanını tapmaq və orada çəkilişi qəbul eləmək idi. Bura muzeyimizə 1992-ci ildə verilən o vaxt rayon Partiya Komitəsinin birinci katiblərinin yaşadığı geniş hasarlı, axar-baxarlı, ikimərtəbəli xidməti bina idi. Bu bina "Çinar" kinoteatrının yanında idi. 1992-ci ilin yayında şəhər "qrad" atəşlərinə tutularkən həmin bina da ciddi zədələnmiş, binanın həyətinə açılan dəmir darvaza bir növ onu dağılmaqdan xilas etmişdi. Əslində biz fikirləşirdik ki, o dəmir darvaza düşmən mərmilərindən ziyan çəkmiş, deşik-deşik olmuş bir əyani əşya kimi gələcəkdə elə muzeyin girişində saxlanılsın. Ancaq məlum işğal hadisəsi hər şeyi alt-üst elədi.
Yeri bilinməyən "Çinar" kinoteatrı ilə 8 illik məktəbin arasında olmuş muzeyin yerini xeyli axtardım. Heç bir tikilinin yeri bilinmirdi. Şəhərin yamac hissələrində olan evlərin, binaların yarıuçuq divarlarından buranın hara olmasını, kimin evi olmasını bəlkə də aydınlaşdırmaq olardı. Mən dediyim mərkəzi hissədə heç nəyin dəqiq yeri bilinmirdi, hətta heç bir daş qalığı da yox idi. Bu da onunla bağlı idi ki, rayon Partiya Komitəsinin binası, kinoteatrı, məişət xidməti kombinatı, "Detmir" mağazası və mərkəzdə olan bir neçə yaşayış tikilisi mişar daşından tikildiyinə görə büsbütün sökülüb daşınmışdı. Üstəlik bu əraziləri basmış qurumuş qanqal kolları da hərəkəti çətinləşdirirdi. O vaxt kinoteatrın qarşısında muzeyə məxsus 8-13-cü əsrləri əhatə eləyən qəbirüstü abidə-heykəllər, daş qoç və at heykəlləri sərgiləmişdik. Bu arada mən o heykəlləri də arayırdım. Bir az kənarda ağ iri bir daş görəndə yıxıla-dura özümüzü çatdırdıq ora. Amma nə fayda.
Beləliklə, elə bu yerdə muzeyin yaranması, Cəbrayıldakı 13 illik fəaliyyəti, muzeyi düşmən işğalından necə azad etməyim barədə və sonradan onun 29 illik fəaliyyəti haqqında yana-yana, ürək ağrısı ilə danışırdım. Nə gizlədim, danışdıqca gözlərimdən axan yaş məni bir az da hövsələsiz edir, həyəcanlandırırdı. Bir vaxtlar sovet dövründə Təbrizi arzulayırdıq, ona arzularımızın şəhəri deyirdik. İndi arzularımızın şəhəri bir az öncə dediyim kimi 41 il qoynunda yaşadığım, 29 il həsrətini çəkdiyim Cəbrayıl idi.
"Kinoçəkənlər" də mütəəssir olmuşdular. Hamının nəzəri məndə idi. İlahi, görəsən niyə başımıza bu müsibətlər gəldi bizim? Bir az çətinə düşəndə, əsəbiləşəndə əşi Allah kəssin buranı, Allah xaraba qoysun deyirdik. Buyurun, bu da xaraba. Heyif sənə Cəbrayıl, heyif sənə neçə minillik tariximizin müəyyən bir dövrünün yadigarı, yaddaşı Qoca Çinar... Amma onu da deyim ki, gedəndən gələnə qədər doyunca Çinar kəhrizinin suyundan içdim. Doyunca deyər, amma doymadım. Sağ olsun “Azərişıq”ın Cəbrayıl şöbəsinin işçiləri. Süleymanlı balası Zaur bəy mənə bir 20 litrlik qab gətirdi ki, heç olmasa Bakıya su gətirim, gətirdim də.
Elə bir şərait yaranmadı ki, mən "Universam”ın beş addımlığında olan ata evinə, ata ocağına baş çəkəm. Ssenarinin süjetlərindən biri də 1-ci Qarabağ Müharibəsinin şəhidi Nurəddin Fətullayevin məzarı üstündə muzeyin direktoru, şəhidin başçısı Aytən Fətullayevanı çəkmək idi. Bakıdan çıxanda fikirləşmişdim ki, atamın, qardaşım Avtandilin və dostum İsağın qardaşı Ramiz Ağayevin məzarlarını ziyarət edim. Bunların heç birinə vaxt çatmadı və bizi mina təhlukəsinə görə heç yerə buraxmadılar.
Artıq hava qaralırdı, “16 N-li PMK” deyilən ərazidə yerləşən evimizə baş çəkmək istədim. Buradakı ikimərtəbəli yaraşıqlı bina çox gözəl görünürdü və mənim evim orada idi. Evə getdim, qapısı bağlı idi. Dedilər burada polis işçiləri yaşayır, onlar da bir az öncə harasa getmişdilər. Bu arzuma da çatmadım.
Ən böyük arzuma isə çatmışdım. Dərdli-yaralı torpağımı ziyarət etmişdim. Atamın qəbrinə catmasam da, bir az Cəbrayıl torpağı gətirib daim Cəbrayıl həsrəti ilə yaşayıb, bu həsrətlə də dünyadan köçmüş anamın qəbri üstünə səpdim...
Polkovnik Vaqif Məhərrəmov istər Cəbrayılda olarkən, istərsə də yolboyu Cəbrayıl döyüşləri ilə bağlı maraqlı və unudulmaz məqamlar haqqında söhbətlər edirdi. Yol yoldaşımız Vidadi müəllim Cəbrayılın baməzə adamlarını yada salıb sınıq qəlblərə bir az da su səpirdi.
Beləliklə, biz Cəbrayılı tərk etdik. "Kinoçəkənlər" isə hələ orda qalırdılar. Onlar üç gün ərzində arxadan gələn qrupları qarşılayacaqdılar. Çox əziyyət çəkdilər.
Onların hər birinə Ulu Tanrıdan can sağlığı diləyərək ayrıldıq və dedik ki, o gün olsun abad Cəbrayılda filmlərinizi cəkəsiniz.
Tariyel ABBASLI,
Cəbrayıl şəhər Ağsaqqallar Şurası sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru