Modern.az

Yeni şüarımız:  Göyçə, Zəngəzur, İrəvan Azərbaycandır!

Yeni şüarımız:  Göyçə, Zəngəzur, İrəvan Azərbaycandır!

Qərbi Azərbaycan

6 İyul 2022, 16:14

Vətən müharibəsində qələbədən sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi gündəmdə saxlanılır. Hazırda bu istiqamətdə işlər gedir, tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturunun qurulmasının şahidi olacağıq.

 

Postpandemiya dövründə əsas vəzifələrdən biri tarixi torpaqlarımız olan Zəngəzur və İrəvan haqqında həqiqətlərin dünya birliyi və beynəlxalq təşkilatlar qarşısında qaldırılmasıdır. Azərbaycan xalqının ata-baba yurdu olan İrəvan və Zəngəzur bölgəsinin Ermənistana qanunsuz şəkildə verilməsi tarixi səhv olaraq qalır. Bu tarixin bütün dünyaya tanıdılması Azərbaycan üçün prioritet məqamlardan birinə çevrilib.

 

 

Bununla bağlı Modern.az-a danışan Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərli indiki Ermənistan ərazisinin tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladıb. Əziz Ələkbərli tarixi bir daha yada salmağın vacibliyinə diqqət çəkərək deyib:

 

“Min illər boyu azərbaycanlılar həmin coğrafiyada dünya mədəni irsinin nadir nümunələrini yaradıblar. Təəssüf ki, 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay və 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında imzalanmış Ədirnə müqavilələrinə əsasən, İrandan və Osmanlıdan yüz minlərlə erməni Cənubi Qafqaza gətirilərək çar Rusiyası tərəfindən o vaxt işğal olunmuş Azərbaycan torpaqlarında, o cümlədən indi Ermənistan adlanan İrəvan xanlığı ərazisində məskunlaşdırılıb.

 

Elə həmin vaxtdan gəlmə ermənilər tərəfindən yerli azərbaycanlıların sıxışdırılıb çıxarılması, tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların etnik təmizlənməsi, azərbaycanlılara məxsus mədəni irsin erməniləşdirilməsi, erməniləşdirilməsi mümkün olmayanların yer üzündən silinməsi prosesi başlanıb. Bu proses dünyanın gözü qarşısında 200 il davam edib və bu 200 il ərzində ermənilər tərəfindən Azərbaycan mədəni irsinə qarşı tarixdə analoqu olmayan vəhşiliklər törədilib.

 

Ermənilərin son 200 ildə Qərbi Azərbaycan ərazisində mədəni irsimizə qarşı hansı vəhşilikləri törətdiklərini aydın təsəvvür etmək üçün 44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğaldan azad olunmuş kənd və şəhərlərimizin vəziyyətinə baxmaq kifayətdir. 30 il ərzində ermənilər bu ərazilərdəki bütün tarixi, mədəni, dini, mülki tikililəri yer üzündən siliblər. Ermənilər bunu 30 il ərzində ediblərsə, təsəvvür edin ki, 200 il ərzində indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə qarşı hansı vandallıqları törədiblər”.

 

 

Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasının vacib olduğunu deyən Əziz Ələkbərli düşünür ki, 30 illik işğal dövründə kar və kor olan dövlətlər, beynəlxalq təşkilatların indi Azərbaycanın haqq səsinə səs verməyi inandırıcı deyil.

 

Deputat qeyd edib ki, biz bundan sonra da yalnız özümüzə və dostlarımıza güvənərək, yüz illər boyu tapdalanmış hüququmuzu bərpa etməliyik:

 

“Birinci mərhələdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı minillik, iki, üç, dörd min illik bütün tarixi həqiqətləri ortaya qoymalıyıq, lap bugünkü tarixə qədər. Sonra bu tarixi həqiqətləri millətin beyninə və ruhuna hopdurmalıyıq. Bu, bir millət olaraq Qərbi Azərbaycandakı tarixi, mədəni, mənəvi irsimizə sahib çıxmağımıza kömək edəcək və bununla da xalqımızın həmin torpaqlara mənəvi qayıdışını təmin etmiş olacağıq. Üstəlik, bununla soydaşlarımızın dədə-baba yurdlarına fiziki qayıdışının təməlini qoymuş olacağıq. Çünki bütün varlığı ilə bir hədəfə köklənən millətin qarşısını bütün dünya yığılsa da, saxlaya bilməz. Əksinə, dünya məcbur olacaq ki, tarixi ədaləti etiraf etsin.

 

Ona görə də indi əsas məsələlərdən biri Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Burada əsas məsuliyyət alimlərimizin və xarici ölkələrdəki Azərbaycan diasporunun üzərinə düşəcək. Çünki ermənilər uzun illər dünyanı öz yalanlarına inandıra bilib, tarixi cinayət və saxtakarlıqlarını müxtəlif pərdələr arxasında gizlətməyə, öz vəhşiliklərini müxtəlif xalqların üzərinə yıxmağa müvəffəq olublar. Biz sona qədər erməninin maskasını yırtmalı, onların əsl iç üzünü dünyaya göstərməliyik. 44 günlük Vətən Müharibəsi zamanı biz bunu müəyyən qədər etdik, indi isə tam şəkildə başa çatdırmalıyıq”.

 

Deputat qeyd edib ki, bu günə qədər şüarımız “Qarabağ Azərbaycandır” idi, bundan sonra isə şüarımız “Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycan mahalları Azərbaycandır!” olmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir