Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən istefa verib. Son günlər komandası tərəfindən istefaya təhrik edilən Conson ictimaiyyətə ona verilən "böyük imtiyaz" üçün təşəkkür edib:
"Hər şeydən əvvəl, mənə verdiyiniz böyük imtiyaz üçün sizə, Britaniya ictimaiyyətinə təşəkkür etmək istəyirəm. Baş nazir olmaq özlüyündə bir təhsildir. Hər şey indi qaranlıq görünsə də, bizim birlikdə gələcəyimiz var. Mübahisələrdə uğur qazana bilmədiyim üçün təəssüflənirəm, bu qədər ideya və layihələri görməmək ağrılıdır".
Modern.az xəbər verir ki, Britaniyada iyulun 5-dən başlayaraq hökumətin bir neçə naziri istefa verib. Onlar vəzifədən getmək qərarlarını Baş nazirə etimadsızlıqla əsaslandırıblar. Ümumilikdə Consona etiraz olaraq istefa verən məmurların sayı 54 nəfərə çatıb.
Britaniyada hökumət böhranının səbəbləri nələrdir?
Boris Consona etimadsızlıq məsələsinin ortaya çıxması adı qalmaqallı hadisələrdə hallanan Kristofer Pinçerə hakim partiyada yüksək vəzifə verməsi ilə bağlıdır. Kristofer Pinçer Mühafizəkarlar Partiyasının parlamentdəki nümayəndəsinə qarşı cinsi təcavüz cəhdində ittiham olunur.
Conson Kristofer barəsindəki ittihamlardan xəbərdar olsa da, onun təyinatından imtina etməyib. Baş nazirə qarşı etirazların digər səbəbi onun koronavirus pandemiyası dövründə hökumət qərargahında karantin rejiminin pozulması ilə müşahidə olunan ziyafətdə iştirakı olub.
Baş nazir öncə toplantıda iştirak etmədiyini desə də, sonradan araşdırma aparan polis faktı təsdiqləyib və Consona cərimə yazıb.
Paralel aparılan parlament araşdırmasının nəticələri açıqlandıqdan sonra hakim Mühafizəkarlar Partiyasının üzvləri də daxil olmaqla bir çox siyasətçi Baş nazirin istefasını tələb etməyə başlayıb.
Proses necə olacaq?
Qaydalara uyğun olaraq istefa verən Baş nazir Bukingem Sarayına gedir və istefasını birbaşa kraliçaya təqdim edir. Daha sonra onun yerinə yeni Baş nazir təyin olunur.
Xatırladaq ki, Britaniyada hökumət rəhbərinin istefası ilk hal deyil. Bundan öncəki dönəmlərdə Toni Bleyr, Devid Kemeron və Tereza Mey də istefa verərək vəzifələrini tərk ediblər. Bütün keçmiş baş nazirlər varis seçilənə qədər vəzifələrində qalıblar. Mühafizəkarların liderliyi uğrunda mübarizə bu yay keçiriləcək və oktyabrda yeni Baş nazir Tory partiyasının konfransında iştirak edə biləcək.
Consonun yerinə namizəd kim olacaq?
Mühafizəkarlar Partiyasından deputat Stiv Beyker Boris Consondan sonra Baş nazir postuna namizədliyini irəli sürmək barədə düşündüyünü açıqlayıb .Beyker seçkidə qalib gələrsə, Consonun bəzi siyasi qərarlarını ləğv edəcəyini açıqlayıb.
Adı dünyanın siyasi gündəmindən düşməyən Boris Conson kimdir?
Tam adı Aleksandr Boris de Pfeffel Conson olan siyasətçi 1964-cü il iyunun 19-da anadan olub. Boris Consonun ulu babası Osmanlı İmperiyasının son dövründə daxili işlər naziri olmuş Əli Kamaldır.
Conson Oksford Universitetini bitirdikdən sonra “The Times” qəzetində fəaliyyətə başlayıb. Daha sonra redaktor köməkçisi olduğu “The Daily”ə keçib. 1999-cu ildə “The Spectator” jurnalının redaktoru olub. 2001-ci ildə keçirilən Ümumi Seçkilərdə İcmalar Palatasına seçilib.
Henleydən deputat olarkən 2008-ci il mayın 1-də Britaniya Mühafizəkarlar Partiyasının yerli seçkilərində London meri seçilib və 2016-cı il yerli seçkilərə qədər bu vəzifəni davam etdirib.
Mühafizəkarlar Partiyasının rəhbərliyinə seçilən Boris Conson 2019-cu ildə ölkənin yeni Baş naziri olub.
Bundan sonra proses necə davam edəcək?
Birinci mərhələdə Mühafizəkarlar Partiyasından olan parlamentarilər irəli sürülmüş namizədlərə səs verəcək. Səsvermədə 18-dən aşağı səs toplayan namizəd prosesdən uzaqlaşdırılacaq.
İkinci mərhələdə Mühafizəkarlar Partiyasının deputatları arasında yenidən səsvermə keçiriləcək və bu dəfə 36-dan aşağı səs toplayan namizəd prosesdən kənarda qalacaq. Əgər bütün namizədlər bu səddi (36 səsi) keçərsə, onların arasında ən az səs toplayanlar mübarizəni dayandırmalı olacaq.
Proses iki namizəd qalanadək davam edir.
Sonuncu mərhələdə səsvermə iki namizəd arasında və Mühafizəkarlar Partiyasının geniş tərkibinin iştirakı ilə poçt səsverməsi (postal voting) əsasında baş tutacaq.
Qaydalara əsasən, ən çox səs toplayan namizəd Mühafizəkarlar Partiyasının lideri seçilir və Britaniyanın Baş naziri olur.
Qeyd edək ki, bəzi xarici ekspertlərin rəyinə görə, Conson Rusiya və Ukrayna arasında davam edən münaqişədə Ukraynaya açıq şəkildə dəstək veridiyi üçün Rusiyanın oyunlarının qurbanına çevrilib. Kreml bugünkü açıqlamasında bildirib ki, Conson Rusiyanı sevmirdi: "Eləcə də biz onu sevmirik".
"Orada çox mürəkkəb siyasi sistem var və heç bir ictimai dəstəyi olmayan şəxs hökumətə rəhbərlik edə bilər. Görünür, cənab Conson da onlardan biridir", - rəsmi Moskva Consonun istefa qərarına belə reaksiya verib.
Rusiyanın təhdidlərinə baxmayaraq, Conson vəzifədən getsə də, Ukraynaya dəstəyini sonadək davam etdirəcəyini bəyan edib.