Modern.az

“Azadlıq” qəzeti təkzib barədə açıqlama verdi

“Azadlıq” qəzeti təkzib barədə açıqlama verdi

12 Mart 2013, 13:23


“Azadlıq” qəzeti daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan məlum yazı ilə bağlı üzr istəməsi məsələsinə aydınlıq gətirib. Modern.az saytına açıqlama verən “Azadlıq”qəzetinin redaktoru Sücəddin Şərifov qeyd edib ki, onlar araşdırma  apardıqdan sonra belə qənaətə gəliblər ki, məqalədə qeyri-dəqiqliyə yol veriblər.

“Ona görə də məhkəmədən öncə borc bildik ki, təkzib verək. Əvvəlcə də demişdik ki, az qala hər gün Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edirik. Qəzeti vərəqləyəndə də görmək olur ki, bu və ya başqa məsələlərə Daxili İşlər Nazirliyinin reaksiyasını veririk. “Ramilı Usubov Kəmaləddin Heydərov qəzəblənib” yazısında bəzi qeyri-dəqiqliyə yol verilmişdi. Amma Daxili İşlər Nazirliyi və ya digər nazirlikdən bununla bağlı heç bir reaksiya olmadı və biz də heç nə etmədik. Məhkəmə məsələsi ortaya çıxandan sonra biz araşdırdıq və onlarla danışmadan özümüzə borc bildik ki, bu dəqiqləşdirməni aparıb üzrxahlıq edək”.

Redaktor həmçinin onu da bildirib ki, Qənimət Zahidin məhkəməsi martın 18-i saat 12:35-ə təyin olunub.   Qeyd edək ki, bu gün “Azadlıq” qəzetində məlum yazı ilə bağlı təkzib dərc olunub.   Təkzib üzrxahlığında deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.  

Xatırladaq ki, ötən həftə Ramil Usubov və Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi həmin məqaləyə görə məhkəməyə veriblər.  

Aytən Əliyeva    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi