Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe parlament seçkiləri ilə bağlı təşviqat apararkən güllələnib. Sabiq Baş nazir çıxışı zamanı kustar üsulla hazırlanmış silahla vurulub.
Polis Nara şəhərində silahlı insident törədən keçmiş dənizçi Teçuya Yamaqaminin saxlanıldığı, hazırda faktla əlaqədar araşdırma aparıldığını bildirib. Şübhəli şəxs ilkin dindirilmə zamanı Abenin siyasi fəaliyyətindən narazı olduğu üçün onu öldürmək qərarına gəldiyini söyləyib.
Modern.az xəbər verir ki, 67 yaşlı Abe helikopterlə xəstəxanaya aparılarkən ürəyi dayanmış vəziyyətdə olub. Son məlumatlara görə, hazırda onun vəziyyəti kritikdir. Lakin bəzi mənbələr Abenin öldüyünü iddia edir.
Sabiq Baş nazirə qarşı sui-qəsdin səbəbləri hələlik məlum deyil. Lakin hadisənin onun siyasi fəaliyyətilə əlaqəli olduğu şübhə doğurmur.
Ümumilikdə Yaponiyada oxşar hadisələr çox nadir hallarda baş verir. Bu ölkədə silaha sahib olmaq olduqca çətindir. Siyasi zorakılıq faktları da digər ölkələrlə müqayisədə olduqca azdır.
Bəs, Abe niyə vurulub?
Hadisə zamanı Abenin yanında polis qrupu olub. Lakin görünür, qatil heç bir maneə olmadan keçmiş hökumət rəhbərini hədəf seçə bilib.
Təhlükəsizliyi ilə fəxr edən ölkədə dünya səviyyəsində tanınmış siyasətçinin güllələnməsi ortaya haqlı olaraq suallar çıxarır. Həqiqətən də Yaponiyada təhlükəsizlik çox ciddi şəkildə qorunursa, deməli, bəzi qüvvələr Abenin ölümünə bilərəkdən göz yumublar. Ya da dünyanın gündəmini çalxalayan olayın arxasında başqa səbəb var.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə ABŞ-da 33 min 599, Yaponiyada isə silahla törədilmiş 6 ölüm hadisəsi baş verib. İki ölkə arasındakı rəqəmlər fərqin kifayət qədər böyük olduğunu göstərir.
ABŞ-dan fərqli olaraq, Yaponiyada vətəndaşlar silah almaq üçün ciddi imtahandan və psixi sağlamlıq testlərindən keçməlidirlər. Hətta bu halda da yalnız ov tüfəngi və pnevmatik silahlara icazə verilir.
Silahla bağlı sərt qaydaları olan Yaponiyada siyasi zorakılıq nadir hallarda baş verir.
Belə ki, 15 il öncə - 2007-ci ildə Naqasakinin mayoru odlu silahla vurularaq öldürülüb. Bir də Yaponiya Sosialist Partiyasının rəhbəri 1960-cı ildə çıxışı zamanı sağçı gənc tərəfindən samuray qılıncı ilə qətlə yetirilib. Bu baxımdan Abenin güllələnməsi nadir hallar sırasındadır.
Xatırladaq ki, Abe ilk dəfə 2006-cı ildə İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın ən gənc Baş naziri kimi vəzifəyə başlayıb. Siyasi qalmaqallar, itirilmiş pensiya qeydlərinə görə seçicilərin qəzəbinə tuş gələn Abe səhhətinin pis olduğunu əsas gətirərək istefa verib. Amma 2012-ci ildə yenidən Baş nazir vəzifəsinə qayıdıb.
Abenin atası xarici işlər naziri olub, babası isə Baş nazir vəzifəsində işləyib. Zəngin siyasi ailədə yetişən Abe fəaliyyəti dövründə daim dünya mediasının gündəmində olub.
İlk dəfə 1993-cü ildə atasının ölümündən sonra parlamentə seçilən Abe Pxenyan tərəfindən qaçırılan Yapon vətəndaşları ilə bağlı mübahisədə Şimali Koreyaya qarşı sərt mövqe nümayiş etdirərək xalq arasında şöhrət qazanıb. Abe, həmçinin Çin və Cənubi Koreya ilə əlaqələri yaxşılaşdırmağa çalışıb.
2012-ci ildən 2020-ci ilə qədər yüksək post tutan Abe ən uzun müddət hakimiyyətdə qalan Baş nazir olub. Daha sonra onun bağırsaq xəstəliyindən əziyyət çəkdiyi, səhhətində problemlərin yarandığı açıqlanıb.
Abe vəzifədə olduğu müddətdə müdafiə və xarici siyasətlə bağlı şahin siyasəti ilə tanınıb və uzun müddət Yaponiyanın müharibədən sonrakı pasifist konstitusiyasına düzəlişlər etməyə çalışıb. O, eyni zamanda "Abenomics" kimi tanınan iqtisadi siyasətin əsasını qoyub. Hakimiyyəti dövründə Yaponiyanın inkşafı üçün bir çox işlər görüb. Ölkənin iqtisadi, siyasi əlaqələri ən yüksək səviyyəyə qalxıb.