Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin ötən həftəsonu keçirilən növbəti toplantısında daha bir neçə mühüm məsələ müzakirə olunub və quruma yeni üzvlər qəbul edilib.
Təşkilatın sədri Azər Həsrətin verdiyi bilgiyə görə, martın 17-nə nəzərdə tutulan CASCFEN-in 10 illik yubileyi və Novruz bayramı törəni ilə bağlı son müzakirələr aparılıb və yubiley komissiyasının işi müsbət dəyərləndirilib. Bundan sonra İH CASCFEN-ə üzvlük üçün daxil olan müraciətləri tək-tək nəzərdən keçirib. Nəticədə daha 5 nəfər qurumun üzvləri sırasına qəbul edilib:
Fuad Həsənoğlu – Bakı Slavyan Universitetinin baş müəllimi, jurnalist
Ləman Habilqızı – musiqiçi
Mahir İsmayıloğlu – söz azadlığı fəalı, iş adamı
Peyman Oqayatzadə – jurnalist
Şamil Sabiroğlu – “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə jurnalisti
Qurumun “Mədəniyyətə dəstək” layihəsi çərçivəsində görüləcək işlər sırasından martın 15-də Muzey Mərkəzində Bakı Milli Geyim Evinin təşkil edəcəyi milli geyim sərgisinə informasiya dəstəyi vermək və CASCFEN üzvlərinin həmin sərgidə iştirakını təmin etməklə bağlı məsələ də müzakirə edilib.
Qurumun sədri Azər Həsrət İH üzvlərini Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatına üzvlük üçün müraciətin durumu ilə bağlı da məlumatlandırıb. O qeyd edib ki, CASCFEN-in üzvlük ərizəsi uğurla ilk mərhələni keçib və yaxın iki ay ərzində növbəti mərhələni də keçəcəyinə şübhə yoxdur.
İH üzvləri 3 May Dünya Mətbuat Azadlığı Günü, həmçinin 22 İyul Azərbaycan Jurnalistikası Günü və CASCFEN-in bu ilin sentyabr ayına planlaşdırılan qurultayı barədə də fikir mübadiləsi aparıblar. İH-nin toplantısında sədr Azər Həsrətlə bərabər sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, həmçinin İH üzvləri Ramiz Əskər, Nüşabə Hüseynli, Lalə Musaqızı, Səhər Əhməd iştirak edib. İH üzvlərindən Qalib İbrahimoğlu və Elşad Paşasoy üzrlü səbəbdən toplantıya qatıla bilməyiblər.
Modern.az