Modern.az

Deputatların bayram hazırlığı - “Biz ailəlikcə qurban kəsmirik” 

Deputatların bayram hazırlığı - “Biz ailəlikcə qurban kəsmirik” 

8 İyul 2022, 15:04

Azərbaycanda 9, 10 və 11 iyul tarixlərində Qurban bayramı qeyd olunacaq. Bu bayramın özəlliyi ondan ibarətdir ki, imkanlı şəxslər, niyyət edən insanlar qurban kəsərək yoxsullara, maddi imkanı aşağı olan şəxslərə qurban əti paylayırlar. 

 

Bəs, bu il deputatlar arasında da qurban kəsib, kasıbları sevindirənlər olacaqmı? 

 

Modern.az bu sualla Milli Məclisin üzvləri arasında sorğu keçirib.

 

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, rayonlarla müqayisədə şəhərdə qurban kəsdirmək çətinlik yaradır:

 

“Şəhərdə qurban kəsmək üçün yer tapmaq və onu paylamaq biraz çətinlik yaradır. Ancaq mən özüm qurban kəsib, lazım olan insanlara paylayacam. Rayonda olan övladlarım da qurban kəsib paylayacaqlar. Yəqin ki, əsasən qonşulara və ehtiyacı olanlara paylayacaqlar".

 

 

Deputat Vahid Əhmədov digər həmkarları kimi hər il qurban kəsdiyini deyib. O bildirib ki, qurban payını şəhid ailələri, qazilər və yoxsul, imkansız ailələr arasında bölüşəcək.

 

 

Deputat Zahid Oruc bildirib ki, bayramın əsas qayəsi insanı tikəsini bölüşməyə yönləndirməkdir:

 

"Kasıbı, yoxsulu, kimsəsiz insanları hiss etmək, onları başa düşmək, onlarla eyni ruzini bölüşmək bu bayramın əsas qayəsidir. Əlbəttə, mən də bu bayramı qeyd edirəm. Mütləq heyvan kəsirəm və müəyyən sayda ehtiyacı olan insanlara ət paylayıram.

 

Şübhəsiz, hər insan öz imkanları daxilində bu işə qoşulur. Bizdə də belədir. Bu, əsla bir göstəriş, ictimai aksiya şəklində edilməyib. Deyə bilərəm ki, 22 il ərzində müxtəlif xeyriyyə təşkilatları ilə birgə humanist aksiyaların keçirilməsində iştirak etmişəm. Özüm şəxsən tikəmi ehtiyacı olanlarla bölüşməyə çalışımışam”.

 

 

Deputat Ceyhun Məmmədov də bu il qurban kəsməyi planlaşdırır:

 

“Hər il bayramda qurban kəsmişəm. Bu il də iki qurban kəsməyi nəzərdə tuturam. Biri yaxınlara, qohumlara paylanmaq üçün, digəri isə imkansız seçicilərimiz üçün nəzərdə tutulub. Builki Qurban bayramının əhəmiyyəti birdə ondadır ki, biz onu işğaldan azad edilən ərazilərdə də qeyd edə biləcəyik. Bu ərazilərdə qurban kəsiləcək”.

 

 

Parlamentari Aqil Məmmədov hər il olduğu kimi, bu ildə qurban kəsəcəyini söyləyib:

 

“Hər il olduğu kimi, bu il də Qurban kəsmək niyyətindəyəm. Artıq qoç sifariş vermişəm. İnşallah, sabah kəsəcəm. Qurban paylarını da imkansız ailələrə verəcəm. Çalışacam ki, şəhid ailələri və qazilərlə görüşüm, onların bayramını təbrik edim”.

 

 

Milli Məclisin deputatı Jalə Əliyeva isə qurbanlıq heyvan kəsmədiyini bildirib:

 

“Mənim şəxsi yanaşmam ondan ibarətdir ki, ilboyu hansısa savab iş görürsənsə və qurbana verilən vəsaiti ehtiyacı olan biri ilə paylaya bilirsənsə, o da özlüyündə qurbandır. Yəni hansısa canlını kəsib paylamaq yerinə ehtiyacı olan kimsənin faydalı işinə yardım etmək mənim nəzərimcə, daha uyğundur. Hər zaman belə edirəm. Ümumiyyətlə, biz ailəlikcə qurban kəsmirik. Amma onun əvəzinə ianələrimizi veririk”.

 

 

Deputat Aydın Hüseynov isə bayramda şəhid ailələrinin yanında olacağını vurğulayıb:

 

"Bayramda şəritəmizdə kəsilməsi məqbul olan heyvanlardan kəsəcəm. Ailəmin, ictimaiyyət nümayəndələrinin, xüsusən də şəhid ailələrinin yanında olacağam. Mən artıq planımı bu cür qurmuşam. Bundan başqa, Qaradağ rayonunda mənəvi ehtiyacı olan insanlar var ki, onların qapısını döymək lazımdır. Belə insanlarla bayramlaşacam".

 

 

Deputat Fazil Mustafa bayramda iki qoç kəsdirəcəyini söyləyib:

 

“Sabah ilk növbədə bayram namazı qılacam. Bundan sonra qurbanları kəsdirəcəm. İki qoç qurbanı nəzərdə tutmuşam. Qurban ətini yaxın çevrədəki yoxsul insanlara paylayacam”.

 

 

Deputat Vüqar Bayramov əmək fəaliyyətinə başladığı ildən indiyədək hər il qurban kəsdiyini bildirib:

 

"Mən uzun illərdir qurban kəsdirirəm. İşləməyə başladığım ildən bəri praktiki olaraq hər il qurban kəsdirib, onu kimsəsiz ailələrə paylayıram. Sabah da qurban kəsdirib, kimsəsiz ailələrə qurban əti paylayacam".

 

 

Milli Məclisin üzvü Azər Badamov hesab edir ki, kimin nə qədər qurban paylayacağı əsas deyil: "Mən bu məsələni reklam etməyi düzgün bilmirəm. Hər insan öz imkanı daxilində qurbanlıq paylamalıdır və uca yaradan hər şeyi görür. Allah hər bir insana qurbanlıq paylamaq imkanı nəsib eləsin. Təbii ki, qurbanları hər il olduğu kimi bu il də paylayacam. Amma nə qədər qurbanlıq kəsiləcəyi ilə bağlı fikir söyləməyi düzgün hesab etmirəm . İmkanım daxilində çalışacağam ki, ehtiyacı olan ailələrə qurbanlıq payları göndərim".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!