Modern.az

Xankəndi separatçılarını xoşluqla sülhə gətirmək mümkün olmayacaq...

Xankəndi separatçılarını xoşluqla sülhə gətirmək mümkün olmayacaq...

10 İyul 2022, 23:39

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Ermənistan “başbilənlərinin” son davranışları üçtərəfli məlum bəyannamədən irəli gələn tələblərin icrasını getdikcə dondurmağa xidmət edir. Bu isə Xankəndi və ətraf rayonlarda rusiyalı “məramı sülhlərin” arxasında kölgələnən separatçıların “xoruzlanmasına” səbəb olur. Onları bu kölgədən çıxarıb “buzunu” əritmək, görünür yenə də Azərbaycan Ordusundan asılı olacaq. Çünki, 44 günlük Vətən savaşı təsdiq etdi ki, haylara 30 il ərzində deyilən “kiş”, onları Azərbaycan torpaqlarından çıxara bilmədi.
 

Baxın, Yunanstanın “Katimerini” nəşrinə müsahibə verərək özünü “ağ göyərçin” kimi göstərən Ermənistan baş diplomatı Ararat Mirzoyan, “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədrliyi mandatı çərçivəsində danışıqlar yolu ilə son həllini tapmalıdır... Azərbaycan hakimiyyətinin 2020-ci il 44 günlük müharibəsindən sonra Dağlıq Qarabağın subyekt kimi artıq mövcud olmadığı və münaqişənin başa çatdığı barədə iddialarına baxmayaraq, beynəlxalq ictimaiyyətin reallığı və mövqeyi bunun əksini göstərir. Dağlıq Qarabağ mövcuddur, o, öz atalarının torpaqlarında yaşamağa davam edən erməni əhalisi ilə mövcuddur və hazırda dağıdıcı müharibəyə son qoyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir”, - deyə, ənənəvi erməni xislətini nümayiş etdirir. Mirzoyan bu müsahibədə “Artsax erməniləri”nin bütün hüquqlarının və təhlükəsizliklərinin təminatı, həmçinin buradan çıxış edərək sonda “Artsaxın statusu”nun müəyyənləşdirilməsindən dəm vurur.
 

Şübhəsiz ki, yunanstanlı jurnalist Mirzoyanı dinləyərkən görünür rus tədqiqatçısı V.L.Veliçkonun “Qafqaz” əsərində qeyd etdiyi, “…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın admları da hay-küy qoparmağa məcbur edirlər”, fikrini ya unudub, ya da antitürk mövqeyindən çıxış edib.
 

Mirzoyandan dərs alan “dqr”in əldəqayrılmış “xin naziri” David Babayan isə özünün facebook səhifəsində - “Qonşularla münasibətləri həqiqətən inkişaf etdirmək və tənzimləmək lazımdır, lakin qırmızı xətlər var”, yazaraq,  separatçı dəst-xəttini dəyişmək fikrində olmadığını bəyan edir. Babayan bildirir ki, “Biz əvvəlcədən dəfələrlə deyirdik ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması və Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı danışıqlar Artsaxın statusu ilə müəyyənləşdirilməməlidir, çünki Azərbaycanın tərkibində heç bir status Artsaxın hüquqlarını, azadlığını və gələcəyini təmin edə bilməz”.
 

Bu o deməkdir ki, nə İrəvan, nə də Xankəndidəki ermənilər öz köhnə məkrli fikirlərindən əl çəkmək fikrindədirlər. Əlbəttə, bu “münbit” şəraiti onlara yaradanın  Rusiya olduğu isə heç kimə sirr deyil. Çünki Rusiya dünyada özünü nə qədər Cənubi Qafqaz regionunun sülh, təhlükəsizlik təminatçısı kimi göstərməyə çalışsa da, əslində o bundan daha çox “məzlum” ermənilərdən istifadə edib bu bölgəni daim təhdiddə saxlamaqda maraqlıdır. Baxın, belə olmasaydı Ermənistan hökuməti “Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiya məntəqələri haqqında” protokol imzalayıb, Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət bölmə yerləşdirmək məqsədilə Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodromun ərazisində hərbi baza tikintisinə başlayardımı? Sual olunur, Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşən Ayqepar kəndində belə bir hərbi baza Rusiyanın nəyinə lazımdır? Ancaq adı çəkilən erməni kəndində Rusiya hərbi bazasının tikintisi onu sübut edir ki, bu təhdid yalnız Cənubi Qafqazla məhdudlaşmır. Əgər, Bakı -Tiflis-Ceyhan neft boru xətti, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolunun məhz Tovuz rayonu ərazisindən keçdiyini nəzərə alsaq, demək bu təhdidin miqyası daha da böyüyür və beynəlxalq əhəmiyyət daşıyır.
 

Bu üzdən Ermənistanla Azərbaycan arasında münasibətlərin birdəfəlik nizama salınması yolunda Moskva əgər səmimi olsaydı, o zaman sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, həmçinin yekunda sülh müqaviləsinin imzalanmasından əvvəl, ilk növbədə üçtərəfli bəyannamədə nəzərdə tutulmuş 4-cü - “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”, bəndi dərhal icra edilərdi. Ancaq görünən odur ki, Ermənistan hayları ilə Xankəndi haylarını “huylandıran” Laçındakı 2-ci yol tikilib başa çatmaq üzrə olsa da, 4-cü bənd 2 ilə yaxındır 4 yol ayrıcında yolunu azıb qalmış körpə bir quzuya bənzəyir. Bəlli məsələdir ki, bu quzuya Krılovun “qurdu” yol tapmağa imkan vermir. Odur ki, bu öhdəliyi “gecəgözü” üzərinə götürmüş Rusiya öz imzasına nə qədər sərxoş gözlə baxacaq, Xankəndidəki erməni terrorçularını xoşluqla sülh yoluna gətirmək mümkün olmayacaq və istər Ermənistan “başbilənləri”, istərsə də Xankəndi separatçıları “məramı sülhlərin” arxasında isinərək Azərbaycan cəmiyyətinə “əsəb təranələri” çalmaqda davam edəcəklər.
 

Bu üzdən də rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq, öz suveren ərazisində separatçı-terrorçu qruplaşmalarına qarşı antiterror əməliyyatı keçirəcəyini, tez-tez dilə gətirməli, separatçılara silahı, həmçinin əsassız iddialarını yerə qoymağı və  Azərbaycan torpaqlarında arxayınlaşmağa imkan verməməlidir. Bundan nəticə çıxarmayacaqları təqdirdə 4-cü bəndin icrasına özü start verməlidir. Baş verəcəklərin babalı isə “məramı sülhlərin” boynuna...     

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər