XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan musiqisinin inkişaf tarixində intibah dövrü kimi xarakterizə olunur. Bu mərhələ Azərbaycanda Şərq musiqisi ilə Avropa musiqisinin tanışlıq və qovuşma poliqonunda yarandı. Buna qədər Səfiəddin Urməvinin, Əbdülqadir Marağayinin, Nurəddin Marağayinin elmi traktatları musiqi mədəniyyətimizə məlum idi və bu əsərlər elmilik baxımından musiqimizin nəzəri əsasları üçün bir təməl rolunu oynayırdı. XIX əsrin sonlarına doğru bütün dünyanı bürüyən maarifçilik hərəkatı Şərq ölkələrini də qapsamaqda idi və bu baxımdan, mədəniyyətin bir qolu olan musiqinin də xalqların qarşılıqlı mədəni əlaqələri nəticəsində inkişafı məntiqi baxımdan qeyri-adi hal deyil.
Professional musiqinin təşəkkülündə əhəmiyyətli yeniliklərlə səciyyələnən bu dövr milli musiqimizə bir sıra yeniliklər qazandırmış oldu. Bu proses eyni zamanda Zaqafqaziya xalqlarının qarşılıqlı mədəni əlaqələrinin genişlənməsi istiqamətində gedirdi. Azərbaycanın milli oyanış və mədəni tərəqqisində böyük rol oynamış ziyalılarımız bu yöndə böyük əməklər sərf ediblər. 1873-cü ildə Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində böyük hadisəyə çevrildi. Bu fakt milli musiqimizin də inkişafını şərtləndirdi, teatr truppaları, ədəbi-musiqili məclislər yaranmağa başladı ki, bu da yeni ədəbi, mədəni simaların meydana çıxmasına vəsilə oldu.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi o dövrdə elm-maariflə yanaşı populyar musiqi olan el nəğmələri və aşıq havalarından əlavə, xalqı oyanışa, tərəqqiyə səsləyən musiqili-poetik mətnlər yaradılmasını da zəruri sayırdı. “Əkinçi” qəzetini yaratmaqla yanaşı, o, həm də “Türk nəğmələri” adlı son dərəcə qiymətli bir əsər yazmışdı.
“Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsr etməz, necə ki, şeirlə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sövt ilə oxunur... Bir baxın, bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətini kəssən də xəbəri olmaz”.
Zərdabi belə yazırdı. Böyük maarifpərvər musiqinin xalq kütlələrinə təsirinin böyüklüyünü dərk edərək bu əsəri geniş yayılmaq üçün 1901-ci ildə ayrıca kitabça kimi nəşr edib, pulsuz məktəblərə paylamışdı. Əkilən toxumlar tezliklə bəhrəsini verdi.
Həmin dövrdə Şərq konsertləri də Azərbaycanda peşəkar musiqinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərirdi. Bakının musiqi həyatının formalaşmasında kamera konsertlərinin də böyük rolu olmuşdur. F.Şalyapin, L.Sobinov, bəstəkar S.Raxmaninov kimi görkəmli musiqiçilərin Bakıya səfərləri də paytaxtda mədəni mühitin yaranmasına təkan verdi. Sözsüz, bölgədə sənayenin inkişafı da mədəni mühitin formalaşmasını təmin edirdi. XX əsrin əvvəllərində Bakıda neft bumunun yaşanması şəhəri həm də mədəniyyətin çiçəkləndiyi məkana çevirmişdi. Bakı ziyalıları eyni zamanda Tiflis mühiti ilə sıx əlaqədə idi və bu da sənətdə islahatlar aparılmasına kömək edirdi. Həmin dövrdə Bakının mədəni palitrası olduqca zəngin idi.
Üzeyir Hacıbəyli şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı və onun 1908-ci ildə H. Z. Tağıyev teatrında qoyduğu “Leyli və Məcnun” operası dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
Azərbaycan musiqisinin yeni binasını tikənlər sırasında bir qadın da vardı. Xədicə Qayıbova. Onun həyatını iki hissəyə - inqilabdan əvvəlki və inqilabdan sonrakı illərə - bölsək, görərik ki, o, əxz etdiyi mədəniyyəti ifaçılıq sənətindəki novatorluğu ilə yeni dövrə, inqilabdan sonrakı zamana daşıya bilib.
Xədicə Qayıbova 24 may 1893-cü ildə Tiflisdə dünyaya gəlib. Atası torpaq idarəsində çalışan və Tiflisin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar Məktəbinə daxil olmasına nail olub. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də alıb. 1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurub, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülüb.
Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə Nadir Qayıbovla ailə həyatı qurur. Onu da qeyd etmək lazımdır ki, Nadir Qayıbovun atası Hüseyn Əfəndi Qayıbov bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub.
Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulmuş rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Sovet Ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilib. Musiqiçinin təşəbbüsü ilə "Qısamüddətli Şərq musiqi kursları" təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınlar üçün musiqi-dram studiyası yaradılıb. O illərdə qurulan Şərq konservatoriyasının yaradıcılarından hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb. Bu şöhrət onun halal payı idi, o, ifaçılıq sənətinə yeniliklər gətirməklə novator sənətçi kimi yetişmişdi. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edir, Ü.Hacıbəyli, R.M. Qliyer, Bülbül, H. Sarabski, M.L. Presman, L.Rudolf, L.Ab, Q. Primov kimi sənətkarlarla əlaqə saxlayır, Azərbaycan musiqi folklorunun toplanmasında əmək sərf edirdi.
1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb. 1933-cü ildə Xədicə xanım həbs edilib və əks-inqilabçılıqda ittiham olunub. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam edib. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər. 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi-tədqiqat işi aparmağa başlayıb. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil olub.
16 mart 1938-ci ildə Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyanın tərtib etdiyi arayışa əsasən ikinci həyat yoldaşı Rəşid Qayıbovun həbs olunmasından qısa müddət sonra Xədicə xanım da həbs edilib.
Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilib. Cəza 1 həftə sonra Bakıda icra olunub.
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə Osman qızına bəraət verilib. Ailəsi on altı il onun ölümündən xəbərsiz olub.
İnsanın yaşadığı həyatdan heç də az əhəmiyyətli olmayan ikinci həyat sənət həyatıdır. Sənət onun həyatının ayrılmaz tərkib hissəsiydi. O, özünü misiqisiz təsəvvür etmirdi. Musiqi onun həyatının ahəngi idi, onu musiqidən ayırmaq balığı sudan çıxarmağa bənzəyirdi. Arxayın idi ki, onu həbsdən buraxacaqlar. Çünki günahsız olduğuna tam əmin idi. Həbsdən sonra məhbəsdə belə gələcək planlarından danışırmış. Xədicə xanım Qayıbova taleyinin son sözünü eşidənə qədər güllələnəcəyinə inanmayıb. Parlaq istedadı və sənəti onun zirehinə çevrilə bilmədi.
Xədicə xanımın həyat və yaradıcılıq yolu haqqında adda-budda yazılar yazılıb. Lakin sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəmxanım Hüseynova Xədicə Qayıbovanın musiqi mədəniyyətimizdə yerini və rolunu sistemli, elmi şəkildə araşdırmış, “Azərbaycanın ilk peşəkar qadın pianoçusu Xədicə Qayıbova” monoqrafiyasını yazmışdır. Bu tədqiqat əsəri Xədicə xanımın həyatını bütün parametrləriylə incələyir, onun piano ifaçısı olaraq müstəsnalığının şərtləri, onu yetirən mühit və digər məsələləri tədqiqata cəlb edir.
Biz Xədicə xanımın həyatının bioqrafik məqamlarını sadaladıq. Məryəmxanım Hüseynovanın monoqrafiyasında isə səbəb və nəticələr göstərilir. İlk dəfədir ki, Xədicə Qayıbova həyat və yaradıcılığı tədqiqata cəlb olunur. Elmi obyektivlik, qaynaqlara yaxından bələdlik, dünya musiqi nəzəriyyəsi və ifaçılıq sənəti ilə üzvi bağlılıq, yanaşma və mövzunun hərtərəfli, tutarlı həlli baxımından bu monoqrafiya razılıq hissi doğurur. Heç şübhəsiz, bu monoqrafiya repressiya qurbanı olmuş ilk peşəkar qadın pianoçumuz Xədicə xanım Qayıbovanın irsinin araşdırılması və gələcək nəsilllərə ötürülməsi baxımından son dərəcə qiymətlidir.
Gülhüseyn Kazımlı
Filologiya üzrə fəlsəfə doktoru,
Kənan Hacı
Yazıçı-publisist