Modern.az

ATV-nin rəhbəri Mirşahinə cavab verdi: ”…söyüldükcə baxılır!”

ATV-nin rəhbəri Mirşahinə cavab verdi: ”…söyüldükcə baxılır!”

Media

12 İyul 2022, 10:43

“Azad Azərbaycan” Televiziyasının (ATV) baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycandakı bəzi telekanalları, o cümlədən ATV-ni tənqid etməsinə özünün "Facebook" səhifəsində cavab verib.

Modern.az-ın məlumatına görə, Azər Xəlilov ATV-nin loqosunu paylaşaraq yazıb:


“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu!

Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal!

Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı!


Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır!

ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.

Xatırladaq ki, Mirşahin Ağayev ATV-də daxil olmaqla digər özəl telekanalları ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurmaqda ittiham etmişdi.

“Biz qalib Azərbaycana hələ ki layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meyilləri var. Fasiləsiz xəbər xidməti olan kanalımızdan danışmayacam, təvazökarlıqdan uzaq görünər deyə. Amma AzTV-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görməmək olmaz. Dünya auditoriyasına çıxmağı bacaran CBC var, Xəzər TV artıq öz simasını müəyyənləşdirir və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”, - deyə M.Ağayev bildirib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi