Modern.az

Azərbaycanda bahalaşmaya qarşı yeni TƏKLİF: ƏDV 18%-dən 2%-ə endirilsin!

Azərbaycanda bahalaşmaya qarşı yeni TƏKLİF: ƏDV 18%-dən 2%-ə endirilsin!

13 İyul 2022, 10:20

Respublikaçı Alternativ Partiyası (ReAl) Azərbaycanda ərzaq bahalığına qarşı təkliflə çıxış edib.

Modern.az xəbər verir ki, təkliflə bağlı ReAl Partiyasının sədri İlqar Məmmədov deyib ki, hökumət bahalaşmanı qlobal problemlə əlaqələndirir, bunu dünyanın hər yerində ərzağın bahalaşması ilə izah edir.

İ.Məmmədovun sözlərinə görə, çoxları vəziyyətdən çıxış yolu kimi maaş və pensiyaların artırılaraq qiymətlərə uyğunlaşdırılmasını düşünür.

 

“Amma indiki vəziyyətdə bu, gediləsi yol deyil. Maaş və pensiyalar artdıqca, ərzağın qiyməti daha da artacaq deyə, problemə başqa bucaqdan yanaşmalıyıq.

 

Biz, ReAl Partiyası olaraq, bu sahədə yeni siyasət təklif edirik. O siyasət nədən ibarətdir?

 

Bir cümlə ilə desəm: bütün ərzaq istehsalına, satışına və idxalına Əlavə Dəyər Vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilsin, böhran dövründə.

 

Bu bir cümlə idi. İkinci cümləni də deyim: Bunun nəticəsində şəbəkə marketlərində ərzağın qiyməti 16-20 faiz düşər, ərzaq ticarəti ilə məşğul olan digər sahələrdə də ucuzlaşma görə bilərik. Ən pis halda, yəni qlobal ərzaq böhranı dərinləşərsə, heç olmasa bahalaşmanın qarşısı bir qədər alınar.

 

İstərdik ki, Azərbaycan hakimiyyəti partiyamızın bu yanaşmasını ya qəbul etsin, ya da qiymətləri niyə aşağı sala bilmədiyinə dair ağlabatan bir səbəb gətirsin”.

 


İ.Məmmədov deyib ki, Əlavə Dəyər Vergisi özü-özlüyündə zərərli bir vergidir.

“Reqressiv vergidir, yəni qazancı daha az olan adamlara daha ağır gəlir. Bundan başqa, bizim kimi ölkələrdə mürəkkəb istehsal sahələrinin yaranmasının qarşısını alır və biz inkişaf etmiş ölkələrdən daim texnoloji baxımdan geridə qalırıq.

 

Amma təklifimiz hələlik bu geniş məsələləri əhatə eləmir. Ancaq ərzaq qiymətlərinin artması ilə bağlıdır.

 

Əlavə dəyər vergisi ən çox iki məqsədə xidmət edir. Birincisi, ərzaq ticarətinin həcmi və çeşidi haqda məlumatların toplanılmasına. Bu məlumat iqtisadi siyasəti, o cümlədən ərzaq siyasətini tənzimləmək üçün vacibdir. Amma vacibdirmi ki, bu araşdırma məqsədi ilə 18 faiz ƏDV yığasan? Əsla buna ehtiyac yoxdur. 1 faiz də yetər. Üstəgəl populyar olmuş “ƏDV geri al” proqramı üçün 1 faiz də yığ. Deməli 18 faiz nə üçündür? ƏDV-nin ikinci məqsədi üçün - yəni hökumətin gəlir əldə etməsi üçün.

 

Bu ilin büdcəsində dövlət ƏDV kimi 5.7 milyard manat yığacaq. Hesablamalarımıza görə, bunun 4 milyardı qeyri-ərzaq mallarından toplanacaq. Deməli, qalır 1.7 milyard manat, yəni 1 milyard dollar ərzaqdan yığılmış ƏDV.

 

Dövlətin nəyinə gərəkdir ərzaqdan yığacağı bu 1 milyard dollar? Dövlətin sosial yardım proqramları insanlara ərzaq almaq üçün daha çox pul xərcləyir. Bundan başqa, neft qiymətinin artması nəticəsində ölkəmiz bir neçə milyard dollar əlavə gəlir əldə edib. Bu əlavə vəsait dünyadakı ərzaq böhranı illərində əhalinin ərzaq təminatını qorumayacaqsa, nəyi qoruyacaq?

 

Təklif elədiyimiz bu addım dövlət gəlirlərinin, ya da Ümumi Daxili Məhsulun azalmasına heç də səbəb olmaz. Kimin imkanı varsa, ərzağa xərcləmədiyi vəsaiti ya başqa mallara xərcləyib 18 faiz vergisini ödəyəcək, ya da qənaət etdiyi vəsaiti banka qoyacaq və ya başqa cür harasa yatıracaq. Beləliklə Əlavə Dəyər Vergisinin reqressiv mahiyyətinin təsirini də azaltmaq mümkün olacaq. Orta sinif və zəngin adamlar fərqin ən azından əhəmiyyətli hissəsini dolduracaqlar. Başqa sözlə, o 1 milyard dolları dövlət xərclərindən ixtisar etməyə, ya da əlavə neft gəlirlərini cəlb etməyə bəlkə heç gərək də qalmayacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi