“On illər əvvəl həyatımı ortaya qoymağıma baxmayaraq, məni Heydər Əliyevə düşmən kimi təqdim edənlər indi bir-bir haqq etdiklərinə yetişirlər. Düzdür, onlar mənə görə cəzalandırılmırlar, öz əclaf xislətlərinin, genetikalarından irəli gələn əməllərin qurbanı olurlar”.
Modern.az xəbər verir ki, bunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyev bildirib.
Baş redaktor deyib ki, vaxtilə onu Heydər Əliyevə düşmən kimi təqdim edənlərdən hazırda cəzalandırılmayan cəmi iki nəfər qalıb.
“Onların da sonunu görəcəyik...”, - deyə o, əlavə edib.
A.Quliyev söz verib ki, vaxtilə onun Heydər Əliyevlə görüşünə, ünsiyyətinə hər vəchlə əngəl törədən həmin iki nəfərin də məsələsi bitəndən sonra siyahını açıqlayacaq.
Siyasətçi xatırladıb ki, o, hələ 1992-ci ildə - Yeni Azərbaycan Partiyası (YAP) yaradılmazdan öncə Heydər Əliyevin fəal müdafiəçilərindən və sonra Naxçıvanda YAP-ın yaradıcılarından olub:
“Adamın üzv olduğu partiyanın liderinə yaxın olmaq istəyində sual doğuran nə ola bilər ki? Kim istəyər ki, partiyada rəhbərin ona münasibəti pis olsun. Heydər Əliyevin hələ YAP-dan əvvəl Naxçıvanda yaxşı tanıdığı adamlardan biri mən idim. Həm də ilk dəfə məhz onun özü təşəbbüs edərək məni yanına çağırtdırmışdı. Bir televiziya çıxışımdan sonra...
Çoxları kimi mən rəhbərlərin gözünə girmək və ya gözündə olmaq üçün xüsusi səylər göstərməmişəm...”.
Qeyd edək ki, Heydər Əliyev haqqında ilk kitabı Aydın Quliyev yazıb. Kitab "Siyasətin gücü" adlanır.
Aydın Quliyev Naxçıvanın məşhur Cəhri kəndində anadan olub. Azərbaycan Dövlət Universitetin Tarix fakültəsini bitirib. Naxçıvan Dövlət Plan Komitəsində, Naxçıvan Dövlət Universitetində işləyib. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri vəzifələrində çalışıb.
1990-cı ildən başlayaraq mətbuatda publisustik və analitik məqalələrlə çıxış edib.
2001-ci ildən "Hürriyyət" qəzetində baş redaktor işləyib, 2003-cü ildən isə "Bakı-Xəbər" qəzetini yaradaraq ona rəhbərlik edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Aydın Quliyev 1992-ci ilədək Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü olub. 1992-ci ildə partiya sıralarından xaric edilib.
1992–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olub, sonra isə Demokratik Azərbaycan Partiyasını təsis edib.
1998-ci ildə Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşib və Aydın Quliyev yenidən ADP-çi olub.
2005-ci il parlament seçkiləri dövründə Rəsul Quliyevin Azərbaycana qayıtması planının uğursuzluqla nəticələnməsindən sonra ADP daxilində münaqişə yaranıb. Aydın Quliyev və Sərdar Cəlaloğlu bu münaqişədə əsas iştirakçılar olub. 2005-ci ilin dekabrında ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında Aydın Quliyevin partiya sıralarından çıxarılmasına qərar verilib.