Üç ilə yaxındır bizimlə birgə yaşayan COVID-19 pandemiyası bitmək bilmir. Hələ virus yeni yayılmağa başlayandan onun sonrakı fəsadları ilə bağlı söyləntilər var idi. Koronavirsa qarşı tətbiq edilən peyvəndlərlə bağlı da fikirlər haçalanır. Hətta cəmiyyətdə tez-tez COVID-19 peyvəndinin qadınlarda, eləcə də kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair fikirlər səsləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə hamilə qadınlara da peyvənd olunmağı tövsiyə edir.
Bəs, həkimlər məsələ ilə bağlı nə düşünür? Doğrudanmı peyvəndlərin hamilə qadınlara yan təsiri var?
Mama-ginekoloq Güləbətin Göyüşova mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb
Ginekoloq bildirib ki, COVID-19 virusunun hamiləlik dövründə istər ana bətnində olan uşağa, istərsə də, anaya olan təsiri güclü olub:
“Bunu praktikada da müşahidə etdik ki, COVID-19-a yoluxan hamilə qadınlarda erkən həftələrdə inkişafdan qalmalar, düşüklər olur. İkinci, üçünü tirmesterlərdə isə vaxtından əvvəl doğuşlara, hamiləlik zamanı tənəffüs problemlərinin olmasına və hamiləlik böyüdükcə bir sıra laxtalanma ilə əlaqədar ciftdə trombun yaranmasına gətirib çıxarır. Hər hansı peyvəndin sonrakı hamiləliklər, eləcə də reproduktiv sağlamlığa heç bir yan təsiri yoxdur".
G.Göyüşova deyib ki, pasiyentlər virusa qarşı peyvənd olunduqdan 2-3 ay sonra asanlıqla hamilə qala bilirlər:
“Aparılan araşdırmalar göstərir ki, COVID-19 peyvəndinin istər yumurtanın sayına və keyfiyyətinə, istərsə də, spermin hərkətinə və sayına heç bir təsiri yoxdur. COVID-19-a qarşı peyvənd olunmuş qadınlar, kişilər istədikləri dönəmdə hamiləlik planlaya bilərlər. Araşdırmalar hazırda da davam edir. Peyvəndlənmə son 1-2 ildə aparılan prosesdir. Bu uşaqlar üzərində araşdırmalar 15-20 yaşa qədər davam edəcək. İndiyə kimi olan araşdırmalar göstərir ki, peyvənd olunan anadan doğulan uşaqlarda fiziki, zehni və əqli cəhətdən inkişafdan qalma müşahidə edilməyib. Peyvənd olunmuş anadan doğulan uşaqlar tam sağlam şəkildə doğulurlar, əvvəlki illərdə doğulan uşaqlardan hələ ki fərqlənmirlər”.