Ankara, Moskva, Kiyev və BMT arasında taxılla bağlı yeni görüşün ilkin tarixi iyulun 20-21-nə təyin edilib.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, görüşə dair yeni şərtlər diplomatik kanallarla razılaşdırılacaq.
"İlkin olaraq 20-21 iyul tarixi seçilib, lakin bu hələ dəqiq deyil, hər şey tərəflərdən asılıdır", - mənbə bildirib.
Bundan əvvəl İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT-nin hərbi idarələrinin nümayəndələrinin qapalı iclası keçirilib. Görüşün Türkiyə hərbi obyektlərindən birinin ərazisində keçirildiyi, mətbuatın tədbiri işıqlandırmasına icazə verilmədiyi bildirilib.
Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında aparılan dördtərəfli danışıqların nəticəsi Ukrayna taxılının ixracına nəzarət etmək üçün Koordinasiya Mərkəzinin yaradılması haqqında qərar olub. Tərəflər ticarət gəmilərinin marşrutu boyunca təhlükəsizliyin təmin edilməsi məqsədilə naviqasiyaya birgə nəzarət mexanizmlərinin formalaşdırılması barədə razılığa gəliblər.
Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, gələn həftə Rusiya ilə Ukrayna arasında taxıl ixracına dair sənədin imzalanması gözlənilir. O, nümayəndə heyətləri arasında danışıqların müsbət və konstruktiv keçdiyini, İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı əsas texniki məsələlər üzrə razılığın əldə olunduğunu diqqətə çatdırıb.
“The Wall Street Journal” mənbələrə istinadən Ukrayna taxılının ixracına dair sövdələşmənin təfərrüatlarını açıqlayıb. Nəşr yazır ki, saziş atəşkəs şərti ilə Ukrayna gəmilərinin müşayiəti ilə karvanlarda taxılın Ukraynanın üç limanından ixracının mümkünlüyünü nəzərdə tutur. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri limana gələn boş gəmiləri yoxlayacaq.