Martın 13-də “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə "Ordu cəmiyyət əlaqələri: reallıqlar perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edənlər son günlər sosial şəbəkələrdə, bəzi KİV-lərdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı qərəzli, həqiqətə uyğun olmayan kampaniya, Azərbaycan ordusu haqqında həqiqətdən uzaq ittihamlar səsləndirildiyini vurğulayaraq, buna öz etirazlarını bildiriblər.
“Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emil Həsənli qeyd edib ki, bu kampaniyanı aparanlar Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrdir. Onlar Azərbaycanda orduya getməyin təhlükəli olması barədə ictimaiyyət arasında rəy yaratmağa çalışırlar.
E.Həsənli bildirib ki, bəziləri Azərbaycan ordusu ilə cəmiyyət arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər.
"Lakin həmin qüvvələr bilməlidir ki, Azərbaycan əhalisi ilə ordunu qarşı-qarşıya qoymaq olmaz. Azərbaycanın güclü ordusu var. Biz Ermənistan kimi başqa ölkələrdən maliyyə gözləmirik, ordumuzun bütün təminatını öz gücümüzə həyata keçiririk".
E.Həsənli bu il yanvarın 12-də və martın 10-da keçirilən “Əsgər ölümlərinə son” adlı aksiyalar radikal müxalifətin ətrafında olan və həqiqəti saxtalaşdıran bir qrup gənc tərəfindən təşkil olunur.
"Onların səsləndirdiyi həqiqətdən uzaq ittihamlar bütünlükdə Azərbaycan Ordusunun əsgər və zabit heyətində və ordunu sevən, aparılan islahatları dəstəkləyən insanlarda təəssüf doğurur.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli bu hadisələri Azərbaycana qarşı təxribatın yeni dalğası hesab edib.
"Təssüflər olsun ki, gəncləri son günlər keçirilən dövlətçiliyimizə qarşı yönəlmiş piketlərə təhrik edən qüvvələr heç vaxt Azərbaycanın haqlı mövqeyini dəstəkləmək üçün heç bir beynəlxalq təşkilatın qarşısında piket təşkil etməyib. Onlar yalnız Azəbaycan ordusu ilə bağlı məkirli sifarişlər verirlər".
Tədbirdə digər çıxış edənlər də gəncləri Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən qüvvələrin təhrikinə getməməyə çağırıblar.