AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndə heyəti Oman Sultanlığında səfərdə olub. Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən “8-ci Körfəz Seysmik Forum”unda Azərbaycanı AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Q. Yetirmişli, Seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru T.Məmmədli və mərkəzin əməkdaşı R. Kərimova təmsil ediblər.
Maskat şəhərində yerləşən Sultan Qabus Universitetində keçirilən tədbirdə ABŞ, İngiltərə, İtaliya,Kanada, Makedoniya, Çex , Türkiyə, Almaniya, Avstriya, CAR, Yəmən, Misir, Avstraliya və 40-dan çox başqa ölkələrdən seysmoloq alimlər və mütəxəssislər iştirak edib. Tədbir zamanı Körfəz ölkələrində, eləcə də forumda iştirak edən ölkələrdə seysmik təhlükə və riskin qiymətləndirilməsi ətrafında məruzələr təqdim olunub və geniş müzakirələr aparılıb. Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən respublika ərazisindəki seysmik şərait və risk haqqında məruzə təqdim olunub.