Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Dini Araşdırmalar Mərkəzi tərəfindən çap olunan “Axund və imamlar üçün xütbə nümunələri” adlı kitabın təqdimatı keçirilib.
Modern.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Elşad İskəndərov rəhbərlik etdiyi qurumun xütbə vəsaitini təsdiq etdiyini söyləyib. Komitə sədri bildirib ki, icmaların çoxsaylı tələblərinə cavab olduğu üçün QMİ-nin təşəbbüsü ilə hazırlanmış bu vəsait komitədə ekspretizadan keçirilərək təsdiq edilib. E. İskəndərov xütbə vəsaitini yüksək qiymətləndirib:
“Düşünürəm ki, xütbə vəsaiti – yüksək səviyyədə, peşəkarcasına hazırlanıb və bu münasibətlə müəlifləri təbrik edirik”. Komitə sədri bu xütbə vəsaitinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, tövsiyyə məcmuəsi olan vəsait cəmiyyətdə milli-mənəvi dəyərlərimizin düzgün təbliğinə, cəmiyyətin mənəvi ehtiyaclarını ödənilməsinə xidmət edəcək.
“Sevindirici haldır ki, vəsaitdə dövlətçilik və vətənpərvərlik istiqamətində olan mövzulara geniş yer ayrılıb və dindar camiəmizin məhz bu istiqamətdə yetişdirilməsinə, cəmiyyətin və dövlətin layiqli vətəndaşları olmasına yönəlibdir” - E. İskəndərov əlavə edib.
Modern.az