Tovuz döyüşlərindən 2 il keçir. 2020-ci il iyulun 12-də cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatları nəticəsində başlayan Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb.
Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.
Tovuz döyüşləri Azərbaycan xalqının yumruq kimi birləşməsinə, həmrəyliyinə səbəb olmaqla yanaşı, bütün dünya azərbaycanlılarının da ayağa qalxmasına zəmin yaratdı. Bir çox xarici ölkələrdə fəallaşan Azərbaycan diasporu çoxsaylı böyük mitinqlər, aksiyalar keçirib, sosial şəbəkələrdə və dünya mətbuatında erməni təxribatlarına son verilməsini tələb etdi.
Diaspor nümayəndələri Tovuz döyüşlərindən sonrakı prosesləri necə xatırladıqlarını Modern.az-la bölüşüblər.
İsveçrədə yaşayan azərbaycanlı Əkbər Gəncə deyir ki, Tovuz döyüşləri xalqın ayağa qalxaraq öz torpaqlarını tələb etməsinin, haqsızlığa, zülmə daha artıq dözməyəcəyini bildirməsinin başlanğıcı oldu:
“Azərbaycan xalqı erməni işğalına, təxribatlara, demək olar, hər gün gələn şəhid xəbərlərinə, dünya birliyinin haqsızlığına dözməyəcəyini anladı. Tovuz döyüşlərində yüksək rütbəli hərbçilərimiz, zabitlərimiz şəhid oldular. Bu, bütün dünyada, o cümlədən İsveçrədə yaşayan azərbaycanlıların, eləcə də bütün türklərin qanına toxunan hadisə idi. Hər kəs anladı ki, erməni zülmünə “bəsdir!” deməyin vaxtı çatıb. Biz elə o zamanlar İsveçrənin demək olar ki, hər şəhərində, Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının binasının qarşısında aksiyalar keçirdik. Qısa zamanda mitinqlərə hazırlaşdıq. Hadisələrə görə o qədər həyəcan keçirirdik ki, bütün dünyaya üzləşdiyimiz haqsızlığı göstərməyə çalışırdıq. Ermənistanın törətdiyi bu qırğınlara etiraz edirdik.
ətən müharibəsi başlayana qədər durmadan çalışdıq ki, bütün dünya bunu görsün. Müharibə başlayandan sonra da 44 gün gözümüzü belə qırpmadan var gücümüzlə fəaliyyət göstərdik. Dünyanın diqqətini Qarabağda baş verənlərə, ermənilərin təxribatlarına, BMT qətnamələrinin yerinə yetirilməməsinə, haqqın və ədalətin bizim tərəfimizdə olduğuna cəlb etməyə çalışdıq. Ermənistan təslim olana qədər mübarizəmiz davam etdi. Vətən müharibəsi Tovuz döyüşlərinin əsəri idi, xalqın yumruq kimi birləşməsinin, həmrəyliyinin nəticəsində qələbə qazandıq. İndi bütün dünya Azərbaycan reallığını qəbul edir”.
İspaniyadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov qeyd edib ki, Tovuz döyüşləri zamanı Ermənistanın təxribatına cavab olaraq bütün dünya azərbaycanlıları ayağa qalxdı. Diaspor nümayəndəsi dünyada mövcud olan pandemiya ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, sistemli və ardıcıl şəkildə ümumilikdə 30-dan artıq ölkədə 25 min nəfərdən çox insanın iştirak etdiyi 100-ə yaxın etiraz aksiyalarının keçirildiyini vurğulayıb:
“İspaniyanın Barselona şəhərində “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (ASB) və “Barselona Azərbaycan Evi” (Casa Azerbaiyan) tərəfindən təşkil edilən icazəli dinc aksiyada Argentina, Boliviya, İspaniya, İrlandiya, Qazaxıstan və Azərbaycandan olan Barselona sakinləri iştirak ediblər. İştirakçılar Ermənistan dövlətini beynəlxalq hüquqa əməl etməyə və işğal olunmuş Azərbaycan torpaqlarını ən qısa zamanda tərk etməyə çağırıblar.
Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı.
Tovuz döyüşlərinin ikinci ildönümündə Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov, İlqar Mirzəyev və bütün şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq! Allah rəhmət eləsin!”.
Fransada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Mehriban Ovçuyeva isə ermənilərin çoxluq təşkil etdiyi Strasburq şəhərində təşkil edilən aksiyalardan söz açıb. O qeyd edib ki, Tovuz döyüşləri dünya azərbaycanlılarının ayağa qalxmasına səbəb olub:
“Vətəndən kənarda yaşayan azərbaycanlılar təmas xəttində gərginlik yaşananda, şəhid xəbəri gələndə çox gərgin olurlar. 2020-ci ildə Tovuz döyüşləri başlayanda çox həyəcanlı və təlaşlı idik. Ailəmizdən nigaran idik, şəhid xəbərləri gəlirdi, ona görə sarsılırdıq, suallar çox idi. Bununla belə hamı düşünürdü ki, ölkəmizə hansı formada dəstək ola bilərik? Həmin vaxt Fransada yaşayan azərbaycanlıların çoxu səfirliyə müraciət edərək, cəbhəyə könüllü getmək istədiklərini bildirirdi.
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olması hər şeyin başlanğıcı idi. Azərbaycan xalqı ayağa qalxıb, işğalçıya “artıq bəsdir!” dedi. Eyni dalğa bütün dünya azərbaycanlılarına yayıldı. Yadıma gəlir ki, mən özüm fiziki olaraq dözə bilmirdim. Strasburqda yaşayıram və burada həddindən çox erməni var. Biz hazırlaşdığımız kimi ermənilər də aksiyalara hazırlaşırdılar.
Fransadakı diaspor üzvləri yığışıb, “Votsap” qrupu yaratdıq, daimi məlumatlandırma, Azərbaycanda baş verən hadisələrin fransız dilində Fransada yayımlanması üçün sosial şəbəkələrdə aktivləşdik. Media orqanlarına çıxmaq üçün yer axtarırdıq. Avropa Şurası yanında Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladım və mitinq təşkil etmək istədiyimi bildirdim. Diaspor Komitəsi də bu fikri dəstəklədi. Qısa zaman ərzində çoxlu bayraqlar topladıq, plakatlar hazırladıq. Mən onda hiss etdim ki, həqiqətən də hamı yumruq kimi birləşib. Böyük izdihamlı aksiya təşkil etdik.
Ermənilər bundan xəbər tutan kimi bizdən də artıq adam toplayıb, aksiya etdiyimiz yerə gəldilər. Görünməmiş bir izdiham yarandı. Polisə təhlükəsizliyi təmin etmələri üçün tapışırıq verildi. Biz ermənilərdən az olsaq da, o qədər həyəcanlı və ermənilərə qarşı nifrət dolu idik ki, ermənilərin səsini batıra bildik. Tovuz döyüşləri azərbaycanlıların artıq zülmə “dur!” deməyinə gətirib çıxardı”.
Diaspor fəalının sözlərinə görə, azərbaycanlıların diaspor fəaliyyətində ən çox çətinlik çəkdiyi ölkə Fransadır:
“Fərz edin ki, Ermənistanda oturub, ermənilərlə mübarizə aparırsan. Tovuz hadisələri zamanı, eləcə də müharibə vaxtı fransalı deputatlarla çox çətinliklə görüşlər təşkil edə bildim. Mediada Azərbaycanın əleyhinə çox material yayımlanırdı. Ona görə, ümumi kütlədə, siyasi dairələrdə bizə qarşı mənfi fikir formalaşdırılmışdı. İlk vaxtlar bizi heç kim qəbul etmirdi, hətta bəzən qovurdular. Mən təkid edirdim, dəfələrlə gedirdim, qəbul edilənə qədər çalışırdım. İndi həmin deputatlarla yaxşı əlaqələrimiz var. Vətən müharibəsində qazanılan qələbə bizim bütün dünyada nüfuzumuza da yüksək təsir etdi. İndi bütün dünya Azərbaycanın haqlı olduğu reallığını qəbul edir, güclü dövlət kimi vurğulayır”.