Modern.az

Bakı Cənubi Qafqazın paytaxtına çevrilir

Bakı Cənubi Qafqazın paytaxtına çevrilir

Aktual

17 İyul 2022, 09:26

Bakı son günlərdə əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Pandemiyanın təsirləri ilə daha çox onlayn rejimdə həyata keçirilən beynəlxalq tədbirlərin, konfransların bərpası artıq reallaşıb.

Bir çox əhəmiyyətli beynəlxalq konfranslara ev sahibliyi edən, hətta təşkilatçılığı həyata keçirən Bakı, artıq təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mərkəzinə çevrilməyə başlayıb.

Bununla bağlı Modern.az-a danışan deputat Məlahət İbrahimqızı qeyd edib ki, Bakının artıq Cənubi Qafqazın konqres şəhəri kimi tanınmasının zamanı çatıb:  

 

 

“Dünyada beynəlxalq təşkilatların xüsusi akkreditasiya olunduğu şəhərlər var. Təxmini 10 belə konqres şəhəri var. Bakı da son zamanlar çoxsaylı əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Mənə elə gəlir ki, paytaxtımızın da konqres şəhər adlandırılmasının vaxtı çatıb. Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə çox önəmli beynəlxalq tədbirlərə Bakımız ev sahibliyi etdi. Milli Məclisin təşkilatçılığı və tərəfdaşlığı ilə geniş tədbirlər keçirildi.

 

Azərbaycan regionun lider ölkəsi olduğu kimi, prezidentimiz razılıq vermədən cənubi Qafqazda heç bir layihə gerçəkləşdirilmədiyi kimi Bakı da regionun mərkəzi kimi öz sözünü deyib. Vaxtı ilə “Zaqafqaziya” anlayışı var idi, Tiflis isə mərkəz hesab olunurdu.  Bu gün isə bütün beynəlxalq parametrlərə görə Bakı Cənubi Qafqazın paytaxtıdır. Prezident İlham Əliyev özü də qeyd etdiyi kimi yeni reallıqlar yaradıb. Bakı dialoq mərkəzinə çevrilib. Əsas məsələ siyasi, iqtisadi, mədəni,humanitar kriteriyalardır. Azərbaycan, Bakı bölgənin iqtisadi inkişafını təminatlandıran ən əhəmiyyətli şəhərdir”.

 

Politoloq İlqar Vəlizadə isə Bakının əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin bütün bölgələrə, xüsusilə işğaldan azad edilmiş ərazilərə, Azərbaycanın mədəniyyət Paytaxtı Şuşaya dünyanın diqqətini artırdığını söyləyib:

 

 

“Son günlərdə, ümumilikdə bir il ərzində Bakıda, Şuşada, Şamaxıda, ölkənin bir çox regionlarında çoxsaylı beynəlxalq tədbirlər həyata keçirilir. Əhəmiyyəti budur ki, dünya ictimaiyyətinin fikri və marağı Azərbaycanda olur. Azərbaycan müxtəlif siyasi, iqtisadi mesajları dünyaya çatdıra bilir.

 

Bütün bu tədbirlərin keçirilməsi ona gətirib çıxarır ki, müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində həm tədbirlərlə bağlı, həm də tədbirin keçirildiyi yer haqqında məlumatlar yayımlanır. Bakının regionun mərkəzinə çevrilməsindən, Cənubi Qafqazın lider şəhəri olmasından, Şuşanın, Qarabağın əhəmiyyətindən bəhs olunur. 44 günlük müharibənin nəticələri, Azərbaycanın Qarabağda gördüyü işlər xarici jurnalistlərin reportajlarında təqdim edilir. Bu isə sözsüz ki, ordumuzun qələbəsi nəticəsində regionda yaranmış münaqişə reallığının digər ölkələrə çatdırılmasına şərait yaradır”.

 

Politoloq qeyd edib ki, Bakının Cənubi Qafqazın paytaxtına çevrilməsi, Azərbaycanın uğurlarının dünyaya çatdırılması, ölkəmizə səfər edən beynəlxalq nümayəndələrin mədəniyyət paytaxtımız Şuşaya səfərləri düşmənlərimizi susdurmağa xidmət edir:

“Ermənilər təbliğat aparsalar belə bu, nəticəsiz qalır. Bütün bunlar düşmənlərimizi narahat edir, onlar aciz qalıblar.

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə onu demək istəyir ki, postmünaqişə reallıqları regiona sülh və əmin-amanlıq gətirir. Bu digər ölkələrə də nümunədir ki, ölkəmizlə əməkdaşlığı  gücləndirməyə sövq edir.

Bakının Cənubi Qafqazın paytaxtı halına çatması turistlərin Azərbaycana marağına da müsbət təsir edir. Xaricilər artıq Azərbaycanı turistik destinasiyalarına daxil ediblər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi