“Qənimət Zahidə məsləhət görürəm ki, o da həbsdən çıxandan sonra öz fəaliyyətinə baxsın!”
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə hüquq müdafiəçisi Vidadi İsgəndərli arasında qalmaqal daha da böyüyüb. Q.Zahidin haqqında səsləndirdiyi ağır ittihamlara V.İsgəndərli adekvat cavab verib.
Hüquq müdafiəçisi Modern.az-a açıqlamasında Q.Zahidin dediyi fikirlərin qısqanclıqdan irəli gəldiyini bildirib. V.İsgəndərli baş redaktora üz tutaraq onun həbsdən sonrakı onun fəaliyyətinin göz qabağında olduğunu deyib.
“Heç nəyi təhrik etmək lazım deyil. Mən müsahibə deməmişəm. Ola bilsin ki, orada yalnışlıq gedib. Mən demişəm ki, mənim prezidentliyə namizəd olacağımla bağlı bütün xəbər portalları məlumat verdi, bir tək “Azadlıq” qəzetindən başqa. Mən maraqlandım ki, bəs, niyə siz məlumat vermədiniz? Sözün açığı onlar mənə dedilər “nə bilim bəy”. Belə bir kinayə ilə cavab verdilər. Dedim ki, siz mənim dostumsunuz, eyni əqidəyə qulluq edən adamlarıq. Nə oldu hakimiyyətyönlü mətbuat da bu haqda yaza bildi, siz yox? Mənim heç kimlə dava eləmək fikrim yoxdur. Sadəcə olaraq mənim namizədliyimə kimlərsə qısqanclıqla yanaşdı. Nəticədə bu xoşagəlməz hadisə baş verdi. Baxın görsünlər görək mən hardasa Əli bəyin adını çəkmişəm? Qənimət Zahidə məsləhət görürəm ki, o da türmədən çıxandan sonra öz fəaliyyətinə baxsın. Mən həbsdən çıxandan sonra məndə heç nə dəyişilməyib. O gedib özünə baxsın ki, həbsdən çıxandan sonra nə işlər görüb. O yaxşı başa düşdü mən nə deyirəm.”-deyə V.İsgəndərli cavab verib.
Qeyd edək ki, “Azadlıq” qəzeti ilə bağlı Vidadi İsgəndərliyinin sosial şəbəkələrdə səsləndirdiyi fikirlərə qəzetin baş redaktoru ağır sözlərlə cavab verib. Q.Zahid V.İsgərdərlini “meymunluq etməməyə” çağırıb.
“Ya Vidadi Isgəndərlinin profilini əlindən aliblar, ya da ağlını. Əgər profili əlindən alınıbsa, o halda oğurluqdu, vəssalam. Əgər "Azadlıq" qəzeti haqqında "mənim mənəvi balam" ifadəsini işlədən Vidadi Isgəndərlinin ta kəndisidirsə, o zaman bu kobud səhvi aradan qaldırmaq onun mənəvi borcudur. Qurtarın bu meymunluğu hörmətli bəylər! Hərəniz gedib bir-iki il “srok” yatıb allahlıq iddiasina duşmək kimi yaramaz xasiyyətlərinizə son qoyun. Ozunuz ciddi adam ola bilmirsiniz, cəhənnəm, başqalarına pis numunə olmayın!”-deyə Q. Zahid yazıb.
Anar RÜSTƏMOV