
“Yeni yaradılmış “El” hərəkatı ilə İctimai Palata arasında əməkdaşlığın yaranmasında heç bir problem yoxdur” Bu barədə Modern.az-a danışan İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı birgə tərəfdaşlıq imkanlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, əməkdaşlıq istiqamətində bir çox təşəbbüslər olub. “Bu, fəaliyyətimizdə əsas prioritetlərdən biri olub. Yeni yaranan “El” hərəkatının İctimai Palata ilə əməkdaşlıq etməsi üçün problem, maneə yoxdur”-deyə bildirib. AXCP sədr müavinin bildirdiyinə görə, geniş formatda əməkdaşlıq İctimai Palata üçün daha əhəmiyyətlidir.
“İctimai Palata olaraq demokratik qüvvələrin geniş formatda əməkdaşlığının yaradılması istiqamətində işlər görürük. Yəqin ki, yaxın gələcəkdə həm İctimai Palata, həm də “El” hərəkatı və Ziyalılar Forumu, digər siyasi partiyaların iştirakı ilə daha geniş formatda birliyin yaradılmasına nail olacağıq. Bu çərçivədə hərtərəfli mexanizmin yaradılması da nəzərdə tutulur. Perspektivdə bu, real görsənir. İndiki halda çoxtərəfli əməkdaşlığın yaradılması gündəmdədir”-deyə F.Qəhrəmanlı vurğulayıb.
Aqşin Kərimov