Modern.az

Azərbaycanlı deputatlar Senatda görüşlər keçirib

Azərbaycanlı deputatlar Senatda görüşlər keçirib

14 Mart 2013, 15:58

Kaliforniya Senatının dəvəti ilə bu ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti qanunverici və icraedici orqanların yüksək vəzifəli təmsilçiləri ilə görüşlər keçirib. Modern.az saytı “AzərTAc”-a istinadən bildirir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarovanın, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədovun və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin daxili olduğu nümayəndə heyəti Kalforniya Senatının sədri Dərrel Staynberq ilə görüşüb. D.Staynberq Azərbaycanın mürəkkəb bir bölgədə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olmasını yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın iqtisadi cəhətdən regionun ən inkişaf etmiş dövlətlərindən biri olduğunu vurğulayan Senatın sədri Kaliforniya ilə Azərbaycan arasında münasibətlərin daha da gücləndirilməsinin qarşılıqlı faydalı xarakter daşıdığını diqqətə çatdırıb.
Səməd Seyidov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, bu əlaqələrin hər iki dövlətin və xalqın maraqlarına cavab verdiyini qeyd edib.

Azərbaycan nümayəndə heyəti Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəri Bob Haff ilə də görüşüb. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən Kaliforniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Kaliforniya qanunvericilik orqanının aşağı palatası olan Ştat Assambleyasının respublikaçılar fraksiyasının rəhbəri Konni Konvey ilə keçirilən görüşdə isə müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi sürətli inkişaf yolu, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər, ölkəmizin güclü etnik və dini dözümlülük ənənələri, Azərbaycan-ABŞ münasibətləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin daha bir görüşü Kaliforniyanın ərzaq və kənd təsərrüfatı nazirinin müavini Sandra Şubert ilə olub.
Görüşdə Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar və əldə olunan nailiyyətlər, Azərbaycan-ABŞ ticari-iqtisadi münasibətləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının Kaliforniyaya idxalı, həmçinin kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi imkanları ətrafında müzakirələr aparılıb.

Kaliforniya xarici iqtisadi əlaqələr nazirinin müavinləri Xorxe Xaramiyyo və Pol Oliva ilə keçirilən görüşdə Azərbaycanın hazırkı iqtisadi inkişafı, artmaqda olan sərmayə imkanları, müxtəlif ölkələrdə həyata keçirdiyi irimiqyaslı investisiya layihələri, Boeing və Orbital Sciences Corporation kimi ABŞ şirkətləri ilə əməkdaşlıq nəticəsində ABŞ-da minlərlə yeni iş yerlərinin yaradılması, eləcə də Azərbaycan ilə Kaliforniya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza