Bu il mayın 1-dən Nazirlər Kabinetinin qəbul etdiyi qərarla ölkədə koronavirus pandemiyasından qorumaq məqsədilə tələb edilən tibbi maska taxılması haqqında qərar ləğv edilib. Son günlər dünyada yoluxma sayının artması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkələrə çağırış edərək, maska rejiminə qayıtmağı məsləhət görüb. Azərbaycanın səhiyyə qurumları da bu tövsiyədən irəli gələrək, vətəndaşlara qapalı məkanlarda tibbi maska taxmağın vacibliyini diqqətə çatdırıb.
Artıq tədbirlərdə qismən maska istifadəsinə qayıdan rəsmilər də var. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilli diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etdikdə iclasa maska ilə qatılıb. Həmçinin, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edilərkən hər kəsin tibbi maskada olması diqqətdən yayınmayıb.
Bütün bunlar sosial şəbəkələrdə maska rejiminin yenidən bərpa olunacağı, qadağaların qüvvəyə minəcəyi haqqında müzakirələri də artırıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, koronavirusa yoluxma statistikasında yenidən artım olması hər kəsi narahat edir:
“Ölkədə gündəlik yoluxma sayı sıfır səviyyəsinə qədər aşağı düşsə də, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətini davam etdirdi. Çünki biz pandemiya ilə hələ də vidalaşmamışıq. Hazırda da xəstəliyin artım tendensiyasını nəzərə alaraq, maskalarla bağlı aidiyyəti qurumlar belə bir tövsiyə yayıblar.
Əslində sosial məsafə və maskadan istifadə insanların səhiyyə mədəniyyətidir. Qapalı yerlərdə, metro və avtobuslarda, yığıncaqlarda insanlar bir-biri ilə təmasda diqqətli olmalıdırlar. Belə bir durumda maska tövsiyə edilirsə, buna əməl olunmalıdır. Heç kim istəməz ki, koronavirus qayıtsın, yenidən karantin elan edilsin, vəziyyət gərginləşsin, xəstəlik artsın. Mən özüm də Səhiyyə Nazirliyinin və TƏBİB-in maska ilə bağlı tövsiyələrinə əməl edəcəm”.
Deputat deyib ki, rəsmilər tövsiyələrə əməl etmədə nümunə olmalıdırlar:
"Bu baxımdan düşünürəm ki, rəsmilərin tədbirlərdə maska taxması məhz səhiyyə qurumlarının tövsiyəsindən irəli gəlir".